Teylor Svift və Travis Kelsi Ohayo ştatındakı dəbdəbəli malikanələrinin ətrafında hasar çəkmək və ağaclar əkmək planlarına görə qonşuları ilə mübahisə yaşayırlar.

24media.az sheknows.com-a istinadən xəbər verir ki, cütlüyün Klivlend yaxınlığındakı Bratenal kəndində yerləşən, 5,35 milyon dollar dəyərində olan malikanəsi ətrafında təhlükəsizlik və məxfilik məqsədilə görülməsi planlaşdırılan işlər yerli sakinlərin narazılığına səbəb olub.
Qonşulardan biri Ketrin Bolton təklif olunan ağacların köklərinin köhnə kanalizasiya xəttinə zərər verə biləcəyindən narahatlığını bildirib. O, mümkün təmir işlərinin ona 75 min dollara başa gələ biləcəyini deyib.
Digər sakin Çak Bauernşmidt isə ərazidəki ağac və kolların təmizlənməsinə etiraz edib. O, iti uclu hasarın ərazidə yaşayan marallar üçün təhlükə yarada biləcəyini də vurğulayıb.
Əvvəlcə ərazinin ətrafında 2,4 metr hündürlüyündə hasar çəkməyi planlaşdıran cütlük qonşuların etirazlarından sonra hündürlüyü təxminən 1,8 metrə endirməyə razılaşıb. Hasarın tikintisi yerli memarlıq şurası tərəfindən təsdiqlənsə də, malikanənin arxa hissəsində ağacların əkilməsi ilə bağlı plan hələlik yekun təsdiq almayıb.
Cütlüyün layihəsinə rəhbərlik edən tikinti nümayəndəsi onların qonşuların narahatlıqlarını nəzərə almağa çalışdıqlarını bildirib. Onun sözlərinə görə, cütlük ortaq kanalizasiya xəttinin təmizlənməsi və qonşuların əraziyə giriş imkanlarının qorunması üçün də addımlar atıb.
Teylor Svift və Travis Kelsi isə məsələ ilə bağlı hələlik ictimai açıqlama verməyiblər.
Mələk Nəsirli
