Qətərin Əl-Cəzirə telekanalı xəbər verir ki, İsrailin Qəzza zolağının şimalına endirdiyi hava zərbələri nəticəsində azı 28 fələstinli ölüb, onlarla insan yaralanıb.
"İsrailin Qəzzanın şimalındakı Cəbəliya qaçqın düşərgəsinə hava hücumu həyata keçirməsindən sonra ən azı 28 nəfər həlak olub, onlarla insan yaralanıb. Onlardan çoxu qadın və uşaqlardır. Daha onlarla insan dağıntılar altında qalıb", - telekanal xəbər verir.
Əl-Cəzirə həmçinin bildirir ki, İsrailin 2023-cü ilin oktyabrından Qəzzada davam edən təcavüzü 35 386 fələstinlinin ölümü, 79 366 nəfərin isə yaralanması ilə nəticələnib.
2023-cü il oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal Fələstin hərəkatının iştirakçıları İsrail ərazisinə qəfil hücum edərək, İsraillə sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürərək qadın, uşaq və 240-dan çox insanı girov götürməklə Yaxın Şərqdəki vəziyyəti kəskin şəkildə gərginləşdirib. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün köhnə şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı aqressiv hərəkətlərinə cavab kimi qiymətləndirib. Buna cavab olaraq İsrail böhrandan əvvəl 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzzaya, eləcə də Livan və Suriyanın bəzi hissələrinə hava zərbələri endirib. İordan çayının qərb sahilində də toqquşmaların olduğu bildirilir.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
