Bu gün:

"Məişət zorakılığı törədən şəxsləri..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hüquq elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir. O, məişət zorakılığı zamanı cəzalandırılmadan danışıb.


Azərbaycanda son illlər ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı artıb. Məişət zorakılığı, ailə münaqişəsi zamanı ən çox zərər çəkən uşaq və qadınlardır. Qadınlar zorakılıq zamanı özlərini müdafiə etmək məcburiyyətində qalırlar. Bəzən isə özlərini müdafiə edərkən istəmədən qarşı tərəfə ağır xəsarət yetirirlər. Hətta özünü müdafiə zamanı qarşı tərəfin ölümü ilə nəticələnən hadisələr də baş verir. Bəs bu zaman həmin şəxsi hansı cəzalar gözləyir, ümumiyyətlə, qanun bunu nəzərə alırmı?

Bildiyiniz kimi, çox təəssüf ki, məişət zorakılığı fonunda törədilən cinayətlərin sayı artmaqdadır. Statistik məlumatlara nəzər salsaq, yaranmış mübahisələrin geniş əksəriyyətinin ər və arvad arasında yaranan mübahisələr zamanı meydana gəldiyini görərik ki, bunun nəticəsində də ən çox zərər çəkən qadın və uşaqlar olur. Bəzən bu mübahisələr daha ağır nəticələrlə, tərəflərdən birinin, hətta uşaqların ağır xəsarət alması və yaxud ölümü ilə başa çatır.

Bu zaman hər kəsi maraqlandıran məsələ əməli törətmiş şəxsi hansı cəzanın gözləməsi və ya ümumiyyətlə, şəxsi hər hansı cəzanın gözləyib-gözləməməsi, daha geniş desək, qanunun yaranmış məsələyə baxışıdır.

Nəzərə alsaq ki, Azərbaycan Respublikasında cinayət qanunu yalnız Cinayət Məcəlləsindən ibarətdir, onda məsələnin həlli üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinə nəzər salmaq mütləqdir.

Anlaşılandır ki, insana fiziki zərər bir qayda olaraq ictimai təhlükəli əməl hesab olunur və sağlamlığa vurduğu zərərə uyğun olaraq əməl Cinayət Məcəlləsi ilə təsnifatlaşdırılmışdır. Bununla belə, sonuncu qanun əməlin bəzi hallarda törədilməsini dekrimanal hesab etmiş və şəxsin məsuliyyətə cəlbini istisna etmişdir.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən zəruri müdafiə, 38-ci maddəsinə əsasən isə son zərurət vəziyyətində şəxs əməli törətsə əməl cinayət sayılmır. Bəs zəruri müdafiə və son zərurət dedikdə hansı hallar nəzərdə tutulur?

AR CM-nin 36-cı maddəsinə əsasən əsasən zəruri müdafiə vəziyyəti özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, son zərurət vəziyyəti isə şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət hesab olunur. Başqa sözlə birincidə zərər bilavasitə qəsd edənə vurulduğu halda, ikincidə zərər Cinayət Məcəlləsi ilə qorunun hər hansı obyektə vurulur.

Məsələn, “A” “B”nin sağlamlığına ziyan vurmağa çalışır, bu zaman “B” zəruri müdafiə həddini aşmadan “A”-nın sağlamlığına zərər vurur və qəsdən yayınır.  Bu halda Onun əməli CM-in 36-cı maddəsinin tələblərinə uyğun olaraq zəruri müdafiə kimi qiymətləndirilir və əməl cinayət sayılmır.

Digər bir misalda “A” “B” ustadırlar və onlar qış fəslində ucqar dağ kəndində ev təmir edirlər. “B” ehtiyatsızlıqdan əl damarlarından birini kəsir və sürətli şəkildə qan itirir. “A” onu çiyinlərinə alaraq xəstənaya çatdırmaq üçün küçəyə çıxır. Bu zaman ətrafda yalnız bir taksinin olduğunu görür və ona yaxınlaşaraq təcili onları xəstəxanaya aparmasısını istəyir. Taksi sürücüsü “C” bundan imtina edir. “A” məcbur qalıb onu zorla avtomobildən uzaqlaşdırır və “B”-ni xəstəxanaya çatdırır. İlkin olaraq “A”-nın əməli sanki “C”-yə qarşı fiziki zorakılıq, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə kimi görünsə də, daha mühüm obyektin qorunması üçün əməl törədildiyindən cinayət sayılmır və şəxsin məsuliyyətə cəlbi istisna edilir.  

Göstərilən hədlərin aşılması halında əməlin törədilməsi isə əməlin tövsif edilməsi zamanı, habelə cəzanın təyini zamanı nəzərə alınır.

Məsələn, CM-in 120 və 123-cü maddələrinə nəzər saldıqda görərir ki, zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmənin sanksiya həddi, sadə təkibli adam öldürməyə nisbətdə daha aşağıdır. Budan başqa CM-in 59-cü maddəsinə əsasən cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi cəzanı yüngülləşdirən hal hesab olunur.

Hər bir halda göstərilənlər məsələnin sadəcə hüquqi tərəfidir və yarana biləcək xoşagəlməz halların qarşısını alacaq vasitələrdən sadəcə biridir. Həmin halların, ümumiyyətlə, yaranmasının qarşısını almaq, yəni səbəbi aradan qaldırmaq üçün isə ümumi maarifləndirmə aparmaq, qadınların sosial həyatda layiq olduqları yerlərə gəlməsinin təmini üçün addımlar atmaq mütləqdir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et