
Cümhuriyyətin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürkün vəfatı ilə əlaqədar olaraq 10 noyabr 1938-ci ildə bu rəsmi ölüm hesabatı yayımlandı: “ Prezident Atatürkün vəziyyətindəki təhlükə dünən gecə saat 24:00-da yayımlanan bildirişdən sonra hər an artaraq pisləşdi və bu gün saat 09:05 rəhbərimiz həyatdan ayrıldı”.
Milli Mübarizə illərindən etibarən Atatürkün yaxın əhatəsində yer alan Kılıç Ali, vəfat anını belə izah edir: “Həyatına hər hansı bir şəkildə qəsd edilməməsi üçün lazım gəldikdə canımızı belə fəda etməyə hazır olduğumuz Atatürk, gözümüzün önündə gündüz vaxtı fani həyata vida edib gedirdi, hər kəs əllərini birləşdirmiş, böyük bir acizlik içində dayanırdı və heç kimin əlindən bir şey gəlmirdi. Həsən Rza dayana bilmədi, böyük kədər içində belə dedi: ‘Kılıç bax, böyük bir tarix köç edir!’. Saat tam doqquza beş dəqiqə işləyirdi. Atatürk bir anda gözlərini açdı. O gözəl mavi gözlərini son dəfə bizə yönəltdi. Və dərhal bağladı. Başını yenidən əvvəlki vəziyyətinə gətirdi. O gözəl gözlər artıq əbədi olaraq bağlanmışdı”.
Mənbə:CNN türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
