24media.az-ın növbəti qonağı hüquqşünas Ramil Süleymanovdur. O boşanmadan tələb olunan alimentlər haqda danışıb.
-Qanunla qadınlar boşanmadan da yoldaşlarından aliment alma hüququna malikdilər. Bu prosesin gedişatı necədir?Bəs boşanmadan tələb olunan alimentin məbləği necə müəyyən edilir?

-İlk növbədə, onu bilmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək və onları tərbiyə etmək valideynlərin borcudur. Eyni zamanda, qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən məhkəmə boşanma olduğu halda tərəflər arasında alimentin məbləğini və hansı valideyndən tutulacağını müəyyən edir. Valideynlər arasında boşanma olmasa belə, ata tərəfdən aliment tələb etmək mümkündür və bu halda uşaqların himayəsində olan şəxs Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq, yalnız alimentlə bağlı iddia qaldıra bilər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını təmin etməyə borcludurlar və bunu öz aralarında müstəqil qaydada müəyyən edə bilərlər. Əgər valideynlər müstəqil qaydada bu məsələni həll etməsələr, uşaqlar üçün alimentin miqdarı belə müəyyən edilir:bir uşaq üçün qazancın və digər gəlirlərin dörddə biri, iki uşaq üçün üçdə biri, üç və daha çox uşaq üçün isə yarısı miqdarında aliment ödənilməlidir.
Əgər valideynin sabit aylıq gəliri yoxdursa, dəyişkən gəlirə malikdirsə və ya ümumiyyətlə, gəliri yoxdursa, onda sabit pul məbləğində alimentin tutulması mümkündür. 2024-cü il üçün Azərbaycan Respublikasında yaşayış minimumu haqqında Qanuna görə uşaqlar üçün yaşayış minimum 235 manat müəyyən edilmişdir. Aliment tələbi irəli sürülməzdən əvvəl Azərbaycan Respublikasının Mediasiya haqqında Qanunun və Mülki Prosessual Məcəllənin tələblərinə əsasən ilkin mediasiya sessiyası keçirilir. Əgər tərəflər arasında razılıq əldə olunmazsa, məhkəmə prosesi başlanır.
Nərgiz Orucova
