
Arktika Dairəsinin dərinliklərində, nəhəng buzlaqların və qütb buzlarının altında İsveçli fotoqraf və məzmun yaradıcısı Cecilia Blomdahl istilik və özünəməxsus gözəllik tapıb. Norveçin şimal sahili ilə Şimal qütbü arasında yerləşən Svalbard arxipelaqı dünyanın ən şimalında daimi yaşayış yerlərindən biridir. Burada, Longyearbyen şəhərində yaşayan Blomdahl, bu unikal mühiti milyonlarla sosial media izləyicisinə sənədləşdirib və "Svalbardda həyat" adlı yeni fotokitabında bölgənin təbiət gözəlliklərini əks etdirib.
Blomdahl 2015-ci ildə Svalbarda köç edib və bu həyatı belə təsvir edir: "Burada yaşayanda, həqiqətən də sakit və dinc təbiətə qərq olursan. Təbiətə çox yaxın olmaq aşiq olmaq kimidir".
Svalbard təbii gözəlliyinin yanında, balıqçılıq, qaz yataqları və faydalı qazıntılar baxımından zəngin ehtiyatlara malikdir və bu, onu həm iqtisadi, həm də elmi tədqiqatlar üçün vacib bir mərkəzə çevirib. Bu bölgə, həddindən artıq soyuqlar, mənfi 30 dərəcəlik temperaturlar və yerli küçələrdə dolaşan qütb ayıları ilə materik həyatından çox fərqlidir. Blomdahl qeyd edir ki, burada hər gün bir macəra olur və adi günlər belə qeyri-adi hallarla doludur: "Burada adi günlər Şimal işıqları, gecə yarısı günəşi və ya şimal maralı ilə qəhvə içməklə keçir".
Mənbə: CNN News
Tərcümə etdi: Nigar Muştaqova
