Bu gün:

Günəş yanıqlarından qorunmaq üçün nə etmək lazımdır?


Yazda parlaq dəriyə sahib olmaq üçün uzun müddət günəşlənmək qısa müddətdə dəri yanıqlarına, uzun müddətdə isə dəri xərçənginə və yaşlanmaya səbəb olur. Bəs dəri yanıqlarının qarşısını almaq üçün nə etmək lazımdır? Dəri yanıqlarına nələr daha  yaxşı təsir edir? 

D vitamininin ən yaxşı qaynağı olan günəşin yer üzünə yayda daha kəskin şəkildə gələn ultrabənövşəyi (UV) şüalarının mənfi təsirləri bəzi sağlamlıq problemləri yarada bilər.

Uzun müddət günəş altında qalmaq, xüsusilə, şüaların daha kəskin olduğu iyul və avqust aylarında dəridə allergiya, qalıcı ləkə və çapıqlar, xüsusən, açıq dərili insanlarda dəridə birinci, hətta ikinci dərəcəli yanıqlara səbəb ola bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, 30 dəqiqədən çox günəş altında qalanda günəşdən qorunmaq üçün qoruyucu kremlərdən və eynəklərdən istifadə edilməlidir.

Günəş yanıqlarının əlamətləri hansıdır?

Günəş yanığının tipik əlaməti qızarmış, hər hərəkət zamanı ağrı verən dəridir. Bundan əlavə, dəri bir az şişə və qaşına bilər. Şiddətli yanıqlarda dəridə maye ilə dolu qabarcıqlar da ola bilər. Şiddətli ağrı və ya şişkinlik varsa, həkimə müraciət etmək lazımdır.

Günəş yanıqlarına nələr daha yaxşı təsir edir?

Günəş yanığı vəziyyətində olan  dərinin kifayət qədər soyudulması vacibdir. Dəriyə soyuq parçalar qoymaq ağrıları aradan qaldırır və iltihabın qarşısını alır.

Ancaq buz kubları kimi həddindən artıq soyuq əşyalar müalicə üçün uyğun deyil. Soyuq suya batırılmış bir dəsmaldan istifadə etmək kifayətdir.

Soyuq kompres tətbiqi ən azı yarım saat və mümkünsə yanıq nahiyəsində ağrılar yox olana qədər davam etdirilməlidir. Bundan əlavə, bol maye qəbulu vacibdir, çünki günəş yanığı səbəbindən dəridən çox maye itirir.

Günəş yanıqlarından qorunmaq üçün qatıqdan istifadə etməyin

Evdə günəş yanığı üçün xalq arasında tətbiq olunan yanmış dəriyə soyuq qatıq sürtmək soyuq olduğu üçün ağrıları aradan qaldırsa da, dəridə yanıq nəticəsində yaranan iltihablı vəziyyətə müalicəvi təsir göstərmir.

Süd məhsullarının tərkibindəki bakteriyalar infeksiyaya səbəb ola bildiyi üçün qatıq və pendir kimi qidaları dəriyə sürtməkdən çəkinmək lazımdır. Dəriyə diş məcunu sürtmək faydadan çox zərər verdiyi  üçün edilməsi məsləhət görülmür.

Günəş kremi seçərkən bunları nəzərə almalıyıq:

• Həm UVA, həm də UVB dalğalarına qarşı geniş təsirli qoruyucu kremlərin olması çox vacibdir. Yalnız UVB şüalarının qarşısını alan qoruyucu kremlər dəridə günəş yanıqlarının qarşısını aldıqları üçün günəşdə uzun müddət qalmanıza imkan verəcək və zərərli UVA şüalarından qorumadıqları üçün xeyirdən çox zərər verəcəklər.

• Qoruma faktoru ən azı 30 (SPF 30) olan məhsul seçilməlidir.

• Yağlı dəriyə sahib olanlar gel və ya yağsız və su əsaslı məhsulları, quru dərisi olanlar isə krem əsaslı məhsulları seçə bilərlər. Bədənin qorunmasında sprey məhsulların istifadəsi daha praktik ola bilər. 

• Günəşə çıxmazdan 15-30 dəqiqə əvvəl qoruyucu krem çəkilməlidir.

• Məhsulun qutunun üzərində yazılan faktor qədər qoruya bilməsi üçün qalın təbəqə olaraq istifadə olunmalıdır. Üz, boyun, qulaq, qol və ayaqları qorumaq üçün tələb olunan qoruyucu maddənin miqdarı 2 yemək qaşığı olmalıdır.

• Qoruyucu hər iki saatdan bir yenidən istifadə olunmalıdır.

• Krem üzmə və qurulandıqdan sonra yenidən çəkilməlidir.

• Ən əsası, günəşdən qoruyucu kremlər bizə lazımsız güvən verməməli və günəşdə qalma müddətimizi artırmamalıdır.

D vitamini üçün 15 dəqiqə kremsiz günəşlənin 

Bədənimiz üçün kifayət qədər D vitamini əldə etmək üçün günorta saatlarında qollarımızın və ya ayaqlarımızın 15-20 dəqiqə günəş işığında qalması kifayətdir.

Mənbə: NTVT

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et