Bu gün:

Təlimlərin və kursların təşkili- "1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı gənc jurnalist Aləmdə Nəsibdir. O, jurnalistika üçün keçirilən təlimlərdən danışıb.

-Azərbaycanda gənc jurnalistlərin özlərini inkişaf etdirməsi üçün kurslar, təlimlər necə təşkil edilir?

İkinci kursda oxuyandan (2018-ci ildən) jurnalistika təlimlərinə qoşuluram. Bu təlimlərdən yarıda buraxdıqlarım da olub, tamamladıqlarım da. İlk vaxtlar yarıda buraxmağıma səbəb universitet dərsləri ilə üst-üstə düşməsi və vaxt məhdudiyyətinə görə davam edə bilməməyim olsa da, sonrakı illərdə səbəb dəyişdi. Real iş mühitində qazandığım təcrübə artdıqca təlimlərin effektivliyinə tərəddüdlərim də artdı. Görünən o idi ki, seçdiyim və yönəlmək istədiyim istiqamətdə işdə qazandığım təcrübə təlimlərdə təlimçini dinləməkdən daha çox şey öyrədirdi. Hazırda bir çox təlimlər təqdim edildiyi zaman vəd olunanlardan az şey qazandırır. Bu sənin öyrənməyə maraqlı olub-olmamağınla bağlı deyil. Sadəcə tapşırıqların icrası zamanı təlimçilərdən istədiyin kimi istiqamət və dəstək ala bilmirsən. Düşünürəm ki, hazırda bir çox təlimlərdə bu problem özünü çox ciddi şəkildə göstərir. Ona görə bu gün gənc jurnalistlər üçün təşkil edilən təlimlərin qanedici olduğunu deyə bilmirəm. Təşkil edilən təlimlərin və kursların bir çoxu 1-3-cü kurs tələbələri üçün çox yaxşı fürsətlər yaratsa, müəyyən bilik və bacarıqlar öyrədə bilsə də, iş təcrübəsi olanlar üçün təkrarçılıq və vaxt itkisindən başqa bir şey vəd etmir. Onu da deyim ki, əgər universitetlərin jurnalistika fakültəsində təhsil alan tələbələrə elə universitet daxilində iş mühitində əllərindən tutacaq bilik və bacarıqlar öyrədilsə, əvvəlki illərdə olduğu kimi hər semestrdə tələbələr təcrübə üçün müxtəlif KİV-lərə göndərilsə, hazırda müxtəlif şəxslərin və media qurumlarının keçirdiyi təlimlərə də möhtaclıq bu qədər hiss olunmaz. Nəzərə almaq lazımdır ki, jurnalistika bir peşədir və o praktikada öyrənilir. Hazırda nəinki müxbirlər, eləcə də illərin peşəkar jurnalistləri, redaktorlar, baş redaktorlar üçün də təlimlərə ehtiyac olduğunu düşünürəm. Çünki dəyişən tələblər daxilində zamanla ayaqlaşmaq üçün daim öyrənmək və bu işdə yeniliyə açıq olmaq vacib şərtdir. Əks halda istəsən də, istəməsən də oyundan uzaqlaşdırılacaqsan. Lakin hazırda görünən odur ki, müxbirlər təlimlərdə öyrəndikləri yenilikləri iş mühitində tətbiq etməklə bağlı da ciddi problemlərlə qarşılaşırlar. Çünki elə məqamlar olur ki, düzgün bilinən yanlışlarla bağlı beyinlərdə oturuşmuş “standatları” dağıtmaq, redaktora və redaksiyaya nəyisə qəbul etdirmək mümkün olmur. Həm universitetlərdə, həm də iş yerlərində jurnalistika təlimlərinə qarşı qısqanclıqla yanaşıldığını müşahidə edirəm. Məsələn, nə universitet, nə də iş yeri hansısa təlim üçün jurnalistə xoşluqla imkan yaratmaq niyyətində olur.  Əksər hallarda biri dərslərin, digəri işlərin çoxluğunu əsas gətirərək təlimlərə qatılmağa imkan yaratmır. Əslində, isə əksi olmalıdır. Elə media qurumları rəhbərlərinin özləri jurnalistlərin bilik və bacarıqlarını artırmaları, təkmilləşdirmələri üçün təlimçilər dəvət etməli, əməkdaşları təlimlərə qoşulmaq üçün həvəsləndirməlidirlər.


Fidan Əlizadə

Paylaş
Şərh əlavə et