
Qısqanclıq münasibətlərə mane olmadığı və əziyyətə səbəb olmadığı müddətcə sağlam və normaldır. Lakin patoloji və dağıdıcı haldadırsa, bu, müalicə edilməli olan travmanı və aşağı özdəyəri göstərir. Bunu biznes psixoloqu, «Dr.Anikina» klinikasının klinik psixoloqu və Zen kanalının müəllifi ekologiya psixoloqu Stanislav Samburski deyib. O, insanların niyə qısqandığını və bununla bağlı nə etmək olar haqqında danışıb.
“Qısqanclığın əsas səbəbi özdəyərin aşağı olmasıdır. Özünə arxayın olmayan və partnyorunun ayrıla biləcəyindən və ya dəyişməsindən qorxan insan qarşısındakı insanın sevgisini və diqqətini saxlaya biləcəyinə inanmır. O, özünü çoxlarından daha pis hesab edir və düşünür ki, münasibətdə olduğu insan daha yaxşı birini tapa bilər”, - deyə ekspert bildirib.
Onun fikrincə, aşağı özdəyər müxtəlif amillərin nəticəsidir. Travmatik uşaqlıq və ya yeniyetməlik təcrübəsi, münasibətdə olduğu insana patoloji bağlılıq, eqoizm və yalnız öz hisslərinə maraq, həmçinin qısqanc insanın əslində özünün xəyanət etmək istədiyi zaman bunu qarşısındakının etmək istədiyini düşünməsi.
“Bütün bunlar ona gətirib çıxarır ki, insan münasibətdə olduğu şəxsdən asılı vəziyyətə düşür və onun həyatına nəzarət edir. O onun telefonunu, sosial şəbəkələrini, paltarlarını və avtomobilini şübhəli izlərin olub-olmadığını bilmək üçün mütəmadi olaraq yoxlayır. Daha çox kişini görüşləri, zəngləri, səfərləri və tanışları barədə sorğu-sual edən qızlar bundan əziyyət çəkirlər. Onlar daimi diqqət və sevginin təsdiqini tələb edirlər. Özdəyəri aşağı olan qızlar münasibətdə olduqları şəxsin başqalarına qarşı hər hansı marağın təzahürünə aqressiv və ya həssas reaksiya verirlər”, - Stanislav Samburski bildirib.
O, tövsiyə edib ki, əgər insan qısqanclığının qeyri-adekvat olduğunu və münasibətlərə zərər verdiyini anlayırsa, ilk növbədə özdəyəri üzərində işləməlidir. Öz ləyaqətlərinizi və istedadlarınızı tanımalı, özünüzü başqaları ilə müqayisə etməyi və başqalarının fikirlərinə etibar etməyi dayandırmalısınız.
“Münasibətdə olduğunuz insana etibar edin. Səbəbsiz olaraq onu yalan və ya xəyanətdə ittiham etməyin. Onun həyatına nəzarət etməyi dayandırın. Hər kəsə azadlıq və şəxsi məkan lazımdır. Onun digər insanlarla ünsiyyət hüququna hörmət edin. Demək olar ki, həmişə “barda oğlanlarla pivə içmək”, elə “barda oğlanlarla pivə içmək” mənasına gəlir"-deyə qeyd edib.
"Bir ipucu daha: Bir şəxsiyyət kimi inkişaf edin. Partnyorunuzu həyatınızın mərkəzinə çevirməyin. Maraqlarınız, hobbiniz və dostlarınız olsun”, - deyə psixoloq bildirib.
Mənbə: Gazeta.ru
Tərcümə etdi: Günel Məmmədova
Necə daha özgüvənli ola bilərsiniz?
