
Anzulə Pərvizqızı
BDU-nun müəllimi, 24media.az saytının rəhbəri
Amerikada “ABŞ İnstitutlarının Alimlər üçün 2024-cü ilin Tədqiqat Proqramı” (“SUSİ for scholars” ) çərçivəsində dünyanın ən böyük kitabxanasında – ABŞ-nin Vaşinqton şəhərində yerləşən Konqres Kitabxanasında olduq. Əsası 1800-cü ildə qoyulan, bir neçə dəfə yanğına məruz qalan Konqres Kitabxanası kitablar, səs yazıları, fotoşəkillər, xəritələr və əlyazmalar da daxil olmaqla 175 milyondan çox olan geniş kolleksiyası ilə tanınır.
470 dildə milyonlarla materialdan ibarət misilsiz dünya resursu hesab edilən bu kitabxana ABŞ Konqresinin əsas tədqiqat qolu və ABŞ Müəllif Hüquqları Bürosunun evidir.
1930-cu ildən “milli” statusunu alan, ABŞ büdcəsi hesabına özünü zənginləşdirmə hüququ qazanan kitabxana təkrarolunmaz bilik fondu hesab edilir. Qeyd edim ki, Konqres Kitabxanasından sonra digər əhəmiyyətli kitabxanalara aşağıdakılar daxildir:
Britaniya Kitabxanası (Birləşmiş Krallıq) - Təxminən 170 milyon resurs.
Şanxay Kitabxanası (Çin) - Təxminən 57 milyon resurs.
New York Public Library (ABŞ) - Təxminən 54 milyon resurs.
Çin Milli Kitabxanası - Təxminən 41 milyon resurs.
Rəqəmlərdən aydın olduğu kimi, bu kitabxanalarla müqayisədə Konqres Kitabxanası daha zəngindir.
ABŞ Konqres Kitabxanasında 6 mindən çox Azərbaycan dilində kitab olduğu bildirilir.
Daimi işçilərinin sayı 3172 nəfər olan Konqres Kitabxanası Capitol Hill-də üç binada yerləşir. Tomas Cefferson Binası (1897) Konqres Kitabxanasının əsas binasıdır. (Kitabxana 1800-cü ildə ABŞ Kapitolunun daxilində fəaliyyətə başlayıb.) Con Adams Binası 1938-ci ildə tikilib və Ceyms Medison Memorial Binası 1981-ci ildə tamamlanıb. Digər obyektlərə Fort Meade, Md.-də Yüksək Sıxlıqlı Saxlama Müəssisəsi (2002) və Culpeper, Vaşinqtonda Audio Vizual Mühafizə üçün Packard Kampusu (2007) daxildir. 1993-cü ildən etibarən kitabxana öz kolleksiyasını rəqəmsallaşdırıb və kitabları onlayn oxuma imkanı ilə təmin edir.
Kitabxana ABŞ prezidentinin təyin etdiyi və Senatın səsverməsi ilə təsdiq edilən Konqres Kitabxanaçısı tərəfindən idarə olunur. 1800-cü ildə qurulandan bəri, 14 sentyabr 2016-cı ildə and içmiş hazırkı rəhbər Karla Hayden də daxil olmaqla, Konqresin 14 Kitabxanaçısı olub.
Bütün ziyarətçilər Thomas Jefferson Binasına daxil olmaq üçün "hava limanına bənzər" təhlükəsizlik sistemini keçməlidirlər.
Ziyarət etdiyimiz Tomas Jefferson Binasının tikintisi memarlar John L. Smithmeyer və Paul J. Pelz tərəfindən müsabiqədə təqdim edilmiş layihə əsasında hazırlanıb. Bina 50-dən çox amerikalı heykəltəraş, rəssam və mozaika rəssamının istedadı nəticəsində təxminən 6,5 milyon dollara başa gəlib. Konqres Kitabxanasına səfərimizdə mərmər döşəmədən vitraj tavana qədər 75 fut hündürlükdə olan Tomas Cefferson Binasının möhtəşəm Böyük Zalında (Great Hall) olduq. Mərmər sütunlar, pilləkənlər, mozaika və rəsmləri ilə Amerikanın ən gözəl ictimai binalarından biri olan bu kitabxanada onun kolleksiyalarından hazırlanmış xüsusi sərgiləri izləməkdən zövq aldıq. Kitabxana ilə bir qədər də tanış olmaq üçün orada olan zaman digər iştirakçılarla çəkdiyimiz şəkilləri təqdim edirəm:














