Bu gün:

Dünyanın ən böyük metroları


Metro dünyada gündəlik olaraq ən çox istifadə olunan nəqliyyat növlərindən biri kimi başda gəlir. Bəs heç düşünmüsünüzmü dünyada ən böyük, ən uzun, ən sürətli, ən çox stansiyaları olan metro sistemləri hansılardır və onlar hansı ölkələrdə yerləşir?

5. Paris Metrosu - Fransa

London Metrosundan 10 il sonra, yəni tam olaraq 1900-cü ildə yaranmış Paris metrosu dünyada 5-ci ən qədim metro sistemi kimi tanınır. Həmçinin Madrid metrosu kimi 302 stansiyaya sahib olması ilə də bu siyahıda da 5-ci yerdədir. Ancaq, biz burada 303 stansiya olduğunu da deyə bilərik, çünki Montmartre funikulyoru 303-cü "yalançı" stansiya olaraq "Funikulaire" adı altında fəaliyyət göstərir və metro sisteminin bir hissəsi hesab olunur. 214 km uzunluğu ilə bizim siyahımızdakı ən qısa metro sistemidir. Gündəlik olaraq 4 milyondan, illik olaraq isə 1 milyarddan artıq istifadə olunur.

4. Seul Metrosu - Cənubi Koreya

Siyahımızda bundan sonra birinci yerə qədər Asiyaya üzümüzü tuturuq. 1974-cü ildə açılan Seul metrosu 315 stansiyadan ibarətdır. 340,4 km ümumi uzunluğu ilə dünyada 9-cu yerdədir. İllik olaraq 1,9 milyarddan daha çox istifadə olunması ilə dünyada ən işlək metrolardan biri olaraq bilinir. Metronun 2024-cü il də daxil olmaqla o ilə qədər açılacaq yeni stansiyalarının və xəttlərinin planı vardır.

3. Pekin Metrosu - Çin

Qarşınıza bir çox yerdə metronun 394 stansiyası olduğu çıxsa da, əslində onlardan 60-ı keçid stansiyalarıdır və bu rəqəm iki dəfə sayılma əsasında yazılır. Əslində isə Pekin metrosunun 331 stansiyası vardır. Bu ilin oktyabr ayının 1-ində fəaliyyətinin 50 illiyini qeyd edən metro sistemi ilk dəfə 1969-cu ildə açılmışdır. Ümumilikdə 678,2 km uzunluğa malikdir, ancaq Xijiao dəmir yolu xətti sayılmasa 669,4 km hesab olunur və bu göstərici ilə Pekin metrosu dünyanın 2-ci ən uzun metro sistemidir. Gündəlik olaraq 10 milyondan artıq istifadə olunur, ancaq bu ilin 12 iyul tarixində istifadə göstəricisi gün ərzində 13 milyondan artıq olaraq bir rekorda imza atmışdır. Ancaq bu yüksək göstəricilərlə də kifayətlənmir, il ərzində 3,8 milyarddan artıq istifadə olunması dünyanın ən çox istifadə olunan metrosu kimi dünya üzrə birinciliyi əldə etmişdir. Lakin 21 milyondan artıq əhalisi olan paytaxt şəhərinin bu göstəriciyə sahib olması və hər 3 kateqoriyada ilk üçlükdə yer alması o qədər də təəccüblü deyil deyə düşünürəm.

2. Şanxay Metrosu - Çin

Təəccüblü deyil ki, dünyanın ən çox əhalisinə sahib olan Çin bu siyahıda 3 yeri tuta bilmişdir. İlk dəfə 1993-cü ldə fəaliyyətə başlamış Şanxay metrosu 345 stansiyaya sahib olması ilə dünyanın 2-ci ən böyük metrosu, ümumi uzunluğunun 676 km olması ilə isə dünyanın ən uzun metrosu olaraq qeydə alınıb. Çox kiçik bir fərqlə, yəni ildə 3,7 milyarddan artıq istifadə olunması ilə Pekin metrosundan sonra dünyanın ən çox istifadə olunan metrosudur. Hətta gün ərzində 10 milyondan artıq istifadə olunması və rekord göstəricisinin 13 milyon olmasıyla Pekin metrosu ilə eyni göstəriciyə sahibdir. Gördüyünüz kimi, hər 3 kateqoriyada Çin metro sistemlərinin hökmranlığı öz sözünü deyir.

1. Nyu-York Metrosu - Amerika Birləşmiş Ştatları

Və nəhayət siyahımızda liderlik edən Nyu-York metrosuna gəldik. 1904-cü ildə açılan və 8-ci ən qədim metro sayılan Nyu-York metrosu 2-ci yeri böyük bir fərqlə geridə qoyaraq 424 stansiya ilə dünyanın ən böyük metro sistemi sayılır. Keçid stansiyaların bir neçə dəfə sayılması ilə isə 472 stansiya olduğunu deyə bilərik. Bu 472 stansiyanın 470-i günün 24 saatında, ilin hər günündə fəaliyyət göstərir. Daha 14 yeni stansiyanın açılması da planlaşdırılır.

Nyu-York şəhərində yeraltı tranzit sisteminin ilk nümayişi 1869-cu ildə Amerikalı ixtiraçı Alfred Ely Beach tərəfindən verilmişdir. 1900-cü ildə tikintilərə başlanılmış, 1904-cü ildə isə Nyu-York şəhərinin əhalisinin istifadəsinə verilmişdir. 394 km uzunluğu ilə dünyada 6-cı ən uzun, illik olaraq 1,6 milyon dəfə istifadə olunması ilə 9-cu ən işlək metro sistemi sayılır.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et