Bu gün:

Polietilen torbaların satışa çıxarılması ekologiyaya necə təsir göstərdi?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı ekoloq Sevil Yüzbaşevadır. O, polietilen torbaların satışa çıxarılmasının ekologiyaya təsirləri barəsində danışıb.


2022-ci ilin fevral ayından etibarən polietilen torbalar mağazalarda artıq pulsuz deyil, yəni satılır. Bu qərar verilərkən məqsədin ekologiyanı qorumaq olduğu vurğulanırdı. Yeniliyin təbiətin qorunmasına töhfəsi oldumu? 

Sualınıza birmənalı cavab verərdim ki, yox! Heç bir təsiri olmadı. 

Təbii ki, bu, önəmli bir qərardır və ekologiyayanın təsirinə müsbət təsir göstərməli idi. Amma bu qərardan ancaq bizneslə məşğul olanlar yararlandı və mən deyərdim ki, təbiətə heç bir faydası olmadı.

İnsanlar heç vaxt qəpik pullara əhəmiyyət verməyib və onu ciddi qəbul etməyib. Hətta bu pulların hesabını da aparmırlar. Bu səbəbdən də həmin qaydada həyatlarına davam edir və ətraf mühitə gündən günə ciddi təsir göstərirlər. Hələ keçən əsrin ortalarında dünyasını dəyişən görkəmli sovet alimi, mütəfəkkir, noosfera haqqında təlimin banisi Vladimir Vernadski deyib ki, “Heç vaxt insan indiki kimi ətraf mühitə təsir göstərməyib. Heç vaxt bu təsir belə müxtəlif və belə güclü olmayıb. İnsan indi geoloji bir gücdür...”

Bu alimin dediyi sözlərdən təqribən bir əsrə yaxın bir zaman keçib. O vaxtlar hələ ətraf mühitə təsir indikindən qat-qat az idi və plastik maddə məişətdə belə geniş tətbiq edilmirdi. Polietilen paketlər isə 50-ci illərdə ixtira edildi. Bu sözlərin hazırda, indiki dövrdə nə dərəcədə daha aktual olduğunu görürük.

Biz, hər birimiz ən yaxşı halda məişətimizdə tullantıları plastik paketlərə toplayaraq, zibilliyə atırıq. Əlbəttə, zibilləri plastik paketlərə toplayıb, atmaq həm rahat, həm də çox əlverişlidir.  Bu zaman zibil vedrəsi təmiz qalır, onu  tez-tez təmizləmək kimi xoş olmayan bir işə vaxt sərf edilmir. Eyni zamanda, mətbəximiz, evimiz, əllərimiz təmiz olur. Hələ küçələrə atılan zibillərin miqdarı da azalır. Zibil atan zaman onun ətraf mühiti necə çirkləndirdiyi barədə heç   düşünmürük. Polietilen paketlər dolusu zibilləri zibil qablarına atan zaman yaşadığımız şəhərin kənarında olan zibilliklər barədə fikirləşmirik. İnsanlar bu zibillərin sonradan hara atılması barədə heç nə bilmirlər və düşünmürlər də. Adi hal hesab etdiyimiz polietilen  paketlərdə olan zibillərin çürüməsi üçün uzun müddət vaxt lazımdır. Plastik paketlərdə olan zibillərin çürüməsi üçün ən azı 50 il zaman tələb olunur. İlk plastik paketlər 1957-ci ildə istehsal edilib. Yəqin ki, planetimizdə olan zibilxanalarda o zamanlar atılan və hələ də indiyə qədər çürüməyən, plastik paketlərdə olan zibilləri tapmaq olar.

Bu qərarın ətraf-mühitə təsiri olması üçün ilk növbədə, plastikdən istifadəni azaltmaq, hətta qida sənayesində heç tətbiq etməmək lazımdır. Çünki artıq insan orqanizmində 17-dən çox plastik maddələr də tapılıb ki, bu da insan sağlığının gündən-günə pisləşməsinə, ağır, sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Bundan başqa, paralel olaraq, eyni zamanda, əhali arasında geniş maarifləndirmə aparılmalıdır ki, plastik daşıyıcılardan istifadə edilməsin.

Hamı bilir ki, plastik daşıyıcı olmayanda bizim çox möhtəşəm el arasında Lənkəran zənbili kimi tanınan zənbillərimiz var idi və hər kəs etdiyi bazarlığı onda evinə daşıyırdı.  

Payızda ölkəmizdə dünya əhəmiyyətli mötəbər COP-29 ekoloji tədbir keçiriləcək. Amma ölkəmizin ərazisi, demək olar ki, plastik tullantılarla başdan-başa çirklənib. Nə qədər gec deyil, necə deyərlər “ayağımıza gələn fürsəti dəyərləndirərək”, hər kəsi bu tullantıların təmizlənməsinə cəlb etmək lazımdır. Düşünürəm ki, bunun həm də  çox əhəmiyyətli, maarifləndirici təsiri də olardı.

Nəzərə alsaq ki, bu tullantılar çürümür və yaxud buna uzun müddət tələb olunur, onda deyə bilərik ki, bizdən sonra ətraf mühitə atdığımız tullantılar hələ çox yaşayacaqlar. Hətta gələcək nəsillər də mübarizə aparacaq.

Biz indidən düşünməliyik ki, uşaqlarımıza, gələcək nəsillərimizə, ətraf-mühiti,  talaları, meşələri, dənizlərin, çayların sahillərini plastik paketlərsiz, plastik butulkalarsız, təmiz bir şəkildə miras qoyaq.

Elm və texnikanın inkişaf etməsi nəticəsində artıq məlumdur ki, plastik maddələrin əbədi hesab edilən, uzunömürlülük həyatını azaldan texnologiya da mövcuddur. Bu texnologiya ölümsüz, əbədi hesab edilən,  plastik maddələrin ömrünü qısaldır, onları iqtisadi cəhətdən daha səmərəli və ekologiyanın dostu edir. Bu, maddələrin bioloji parçalanma xüsusiyyətidir. Qablaşdırma üçün istifadə edilən bioloji çürüməyə məruz qalan plastik paketlər (qablaşdırıcılar, taralar) işləmə müddəti başa çatdıqdan sonra çürüməyə məruz qalır və özündən sonra ətraf mühitdə “iz” buraxmır. İnsanların  ətraf mühitə ziyan vurmayan, ekoloji təhlükəsiz paketlərdən istifadə etmək imkanı da vardır. Bu sahədə sadəcə olaraq, fəaliyyətləri artırmaq və bu texnologiyanın təcili tətbiqinə başlamaq lazımdır. Bu paketlərdən istifadə etməklə biz ətraf mühitin, indiki və gələcək nəsillərin qayğısına qalmış olarıq.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et