Bu gün:

"Rəsmiləşdirilməmiş əmək müqaviləsi məsuliyyət yaradır"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı vəkil Toğrul Məmmədovdur. O, əmək müqaviləsi bağlamadan işçi götürən şəxslər barəsində danışıb.


Əmək müqaviləsi bağlamadan işçi götürən şəxslərə hər hansı bir cəza tətbiq olunurmu?

Əmək məcəlləsinin 3.5-ci maddəsinə əsasən Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Əgər işəgötürən əmək müqaviləsini rəsmiləşdirmədən işçi işlədərsə, bu məsuliyyət yaradır. İşin hallarına görə inzibati və cinayət məsuliyyəti.

İnzibati Xətalar Məcələsində nəzərdə tutulmuş məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində öz əksini tapıb. Maddənin tələbinə əsasən əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər isə 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsində əmək qanunvericiliyinin pozulması 162-ci maddə də qeyd olunub. Maddəyə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunur.

Qeyd edək ki, yuxarıdakı maddədə “xeyli sayda” dedikdə 10 nəfər və ondan çox işçilərin sayı nəzərdə tutulur. Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et