Bu gün:

Azərbaycanda heyvan hüquqlarının tanınması daha alt səviyyədədir


24media.az-ın "1 sual, 1 cavab " rubrikasının budəfəki müsahibi heyvan haqları müdafiəçisi Nicat İsmayıldır. O, Azərbaycanda heyvan haqlarına münasibətdən danışıb. 

-Küçədə heyvanlara qarşı kobud davranan, onlara zərər verən uşaqlar bunu nə üçün edirlər?

- Bəzən küçələrdə heyvanlara daş atan uşaqlar görürük. Mən də o uşaqları görəndə çalışıram nələrisə izah edim, amma bəzən mənasızdır, çünki bunları valideynlər etməlidir. Mən hesab edirəm ki, heyvan hüquqları inkişaf etmiş xalqlarda nisbətən bərqərar olmaqdadır. Qafqazda, alt sinif ölkələrdə heyvan hüquqları olduqca bərbad vəziyyətdədir. Azərbaycanda da heyvan hüquqlarının tanınması daha alt səviyyədədir. Bunun isbatı şəhər mərkəzində bizlə bərabər yaşamağa məcbur qalmış it və pişiklərlə rəftarda öz əksini tapır. Buna səbəb adətlər, mental və dini travmalar, inanclar və digər hallardır. Valideynlərdə it travması yaradılıb. Orta yaşlı nəsilə, itlərə sevgi əvəzinə uzun illər nifrəti aşılayıblar. Bunu isə yalan xəbərlər; şüuraltlara "it vəhşidir" , "it mundardır" , "it quduzdur" kimi qərəzli sözləri yaymaq ilə nail olublar.

Onlar da uşaqlarına heyvan sevgisi aşılaya bilmir. Mən təxminən 5 il öncə maarifləndirmə yönündə işlər görməyə başlamışam, hökumət açıq aydın imkan vermir. Qərbdə 100 il əvvəl aparılan maarifləndirməyə, heyvanlara sevgi ötürməyə, onlara qayğı göstərməyə, bu canların rifahına yönəlik işlərə izn verilmir. Tam əksinə birbaşa qara PR aparılır. Məktəb və bağçalarda, hətta universitetlərdə maarifləndirmə yönündə işlər aparılmalıdır. Həm dərsliklərə şüuraltı sevgi aşılayacaq nüanslar, həm də paralel olaraq seminarlar keçirilməlidir. Video çarxlar göstərilməli, mütəxəssisləri dəvət edib ildə 4-5 görüş təşkil edilməlidir. Elə mən də bunu orta məktəblərdə təşkil edirdim, lakin 20 məktəbdən 19-u razılaşmadı. Bütün universitetlərə sorğu göndərdik, yalnız Xəzər Universiteti qəbul etmişdi.

24.media.az xatırladır ki, Azərbaycanın 22 oktyabr 2003-cü ildə qoşulduğu, 19 oktyabr 2007-ci ildə ratifikasiya etdiyi “Ev Heyvanlarının Mühafizəsi” haqqında Avropa Konvensiyasına əsasən, heyvanların incidilməsi yolverilməzdir. “Heyvanların rifahının əsas prinsipləri” maddəsində deyilir: Heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz. 2011-ci ildə Azərbaycan Nazirlər Kabineti ev heyvanlarının saxlanması qaydalarını qəbul edib. Bu qaydaların da məqsədi insanları heyvanlara qarşı amansız rəftara görə, o cümlədən küçə itlərini güllələməyə görə məsuliyyətə cəlb etmək imkanı yaratmaqdır. Sadalanan normativ aktlarda pul cəriməsi şəklində inzibati cəza nəzərdə tutulur (fiziki şəxslərə 500 manat, hüquqi şəxslərə 2500 manat). Bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Lakin ötən dövrdə neçə nəfər bununla bağlı cərimələnib bu, bəlli deyil. 

Fidan Abdullayeva 



Paylaş
Şərh əlavə et