Bu gün:

"Nəqliyyat vasitələrindən bayıra zibil atanlara..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı vəkil Ceyhun Məmmədovdur. O, nəqliyyat vasitələrindən çölə zibil atanların hansı cərimələrlə üzləşə biləcəkləri haqqında danışıb.

-Avtobus və ya avtomobildən bayıra zibil atanlara cərimə tətbiq olunurmu?

İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə müəyyən edilib.

İXM-nin 352.0.2 və 352.0.3-cü maddələrinə əsasən, yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına və ya avtomobil yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Bu cür halların qarşısının alınması üçün hüquqi məsuliyyət ilə yanaşı sosial məsuliyyət də olmalıdır, həmçinin də ictimai qınağın da rolu böyükdür. Amma çox təəssüf olsun ki, bu məsələyə biganə qalanların sayı hələ də çoxdur.

Gülay Qəribova


Paylaş
Şərh əlavə et