Bu gün:

"Valideyn-övlad ünsiyyəti uşaq ana bətnində olarkən başlamalıdır..."


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı psixoloq Gülnar Orucovadır. O, valideyn-övlad arasında ünsiyyətin qurulmasından danışıb.

-Valideynlər övladları ilə ünsiyyəti necə qurmalıdırlar?

Valideyn-övlad ünsiyyəti uşaq ana bətnində olarkən artıq başlamalıdır. Valideynlər bəzən düşünür ki, nəinki uşaq ana bətnində olarkən, həmçinin doğulandan sonra belə uşaq ünsiyyəti anlamır. Və buna görə də, uşaqla ünsiyyətə girmirlər. Amma hər bir ana artıq hamilə olarkən, uşağının 3 ayından etibarən öz uşağı ilə ünsiyyət qurmağa başlamalıdır. Zaman-zaman, uşaq böyüdükcə bu ünsiyyətə qarşılıq verməyə başlayır. Bu necə baş verir? Yəni uşaq üç aydan etibarən qığıldanır, yeni doğulmuş uşaq bir müddət sonra, üç aylığından sonra səsi eşidir, üç ayına qədər o kölgəli gördüyünə görə insanı tam aydınlaşdıra bilmir. Üç ayda tam görmə pərpa olduğuna görə əvvəl səsi, sonra qoxunu hiss etməyə başlayır. O qoxudan, səsdən bilir ki, ona yaxınlaşan adam kimdir. Bu baxımdan bu yaşda uşaqlarla çox diqqətli olmaq, yetəri qədər diqqət, qayğı ayırmaq, sevgi vermək, ünsiyyət qurmaq lazımdır. Mən məsləhət görərdim ki, hər bir ana hamilə olarkən gələcəkdə uşağı ilə necə ünsiyyət qurmağı haqda kitablar oxusun. Həm psixoloji, həm də pediatrların yazdığı kitablar var. Uşaq ilk aylarda səsli və işıqlı oyuncaqlara daha çox reaksiya verir. İlk aylarda onunla oyunlar oynamaq olar.

Bir müddət sonra ünsiyyət artıq nitqə çevrilməyə başlayır. Artıq ünsiyyətdə nitq də iştirak etməyə başlayır, uşaq artıq valideynini çağıra, səsləyə bilər. Bir yaşında uşaq bədən üzvlərini göstərməyə başlayır. Ancaq uşaq müəyyən yaşa çatdıqdan sonra onları məktəbəqədər təhsil müəssisəsinə qoyuruq. Düşünürük ki, orada hər şey öyrədilir. Bizim ona diqqətimiz azalmağa başlayır, amma bu doğru deyil. Uşağınızı hər hansı bir tədris müəssisəsinə qoysanız belə, uşağınızla ünsiyyət qurmalısınız, onun baxdığı cizgi filimlərə siz də onunla bərabər baxmalısınız. “Həmin cizgi filim nəyi təbliğ edir?” uşaq bunu tam olaraq anlamır, amma siz anlayırsınız. Siz bu məsələnin, hekayənin gələcəkdə onun həyatına necə təsir edəcəyini bilirsiniz və bu baxımdan da siz bir valideyn olaraq ona daha yaxşı təsir etmə gücünə maliksiniz. Və sizin genetikanızı daşıdığı üçün övladınıza doğru istiqamət verməkdə eləcə də gələcəkdə nələrin ola biləcəyinin qarşısını almaqda daha bacarıqlısınız.

Valideynlər övladlarına, onların oynadığı oyunlara, qurduğu dostluqlara, qorxularına nəzarət edir. Çünki hər bir uşağın qorxuları olur. O qorxunu ancaq ünsiyyət vasitəsi ilə ona başa salıb və bu qorxuya necə qalib gələcəyini izah etmək mümkündür. Övladımızla ünsiyyət qurmaq, danışmaq, əylənmək, oyun oynamaq, rollu oyunlar, həmçinin sözlü oyunlar onları inkişaf etdirir, uşağın həm zehnini, məntiqini, həm də sosial bacarıqlarını təkmilləşdirir.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et