Bu gün:

"Yuxular həyatın bizə vermək istədiyi siqnallar deyil"


24Media.az bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, psixoloq Əli Xəlilovla həmsöhbət olub.
Söhbət ərzində müsahibimiz yuxunun insan psixologiyasına təsiri, bəzi insanların yuxu görməməsi, yuxularımızı xatırlamamağımızın səbəblərinə toxunub. 

Müsahibimiz yuxunun insan həyatında önəmindən danışarkən yuxu rejiminin pozulmasının nəticələrini qeyd edib: “Yuxu rejiminin pozulması insan həyatında, psixologiyasında disbalansa gətirib çıxarır. Hətta son təcrübədə göstərilir ki, insanlar ilk 3 gün 8 saat olmaqla yatırlar. Növbəti günlərdən isə yuxu saatını 4 saata endirirlər. Nəticələr yoxlanıldıqda isə göstərilir ki, insanlarda yuxu saatı azaldıqca həyəcan, təşviş, depressiv hallar artmağa başlayır”.

"Əgər insan yuxunu unutmursa, oyandıqdan sonra da onu təsirində olur"

Psixoloq onu da qeyd edir ki, hətta bəzi insanlar gecə yarısı oyanıb yuxu haqqında fikirləşir, internetdə gördüyü yuxunu araşdırma edirlər. Belə olduğu halda onlar gün ərzində "niyə mən bu yuxunu görmüşəm" deyə fikirləşirlər:

"Yuxularımızın iki növü var. Cəld yuxu və ləng yuxu. Gördüyümüz yuxuları əksərən cəld yuxu zamanı görürük. Cəld yuxu axşam 15-20 dəqiqə, səhər isə 20-30 dəqiqə arası davam edir. Bu zaman kəsiyində olan yuxuları insan oyandığı zaman daha yaxşı xatırlayır və həmin yuxunu danışa bilir. Çünki bu zaman ürək döyüntüləri yüksək olur, gözlər hərəkətdə olur və sanki beyin elə qəbul edir ki, insan oyanıb, beləliklə, yadda saxlama daha yaxşı olur. Həmin faza keçdikdən sonra nisbətən unudulur. Noradrenalin hormonu yaddaşa, emosiyalara cavab verən hormondur.  Həmin hormon gecə az miqdarda ifraz olunur bu isə yuxuların unudulmasına gətirib çıxarır". 

"Yuxular həyatın bizə vermək istədiyi siqnallar deyil"

Əli Xəlilov yuxunun tərifi haqqında da fikirlərini bildirib: "Yuxular bizim bədənizimin şüuraltı vasitəsiylə bizə vermək istədiyi, həyatda baş vermiş hər hansısa bir hadisəni bu cür tamamlamasıdır". 

"Tədqiqatlarda bunu göstərir ki, hər kəs yuxu görür" 

Psixoloq bildirib ki, bütün insanlar yuxunu yadda saxlamır: "Araşdırmalar da bunu deməyə əsas verir ki, daha çox emosional insanlar, qadınlar və uşaqlar daha çox yuxu görür və yadda saxlayırlar. Əgər insan həddindən artıq yorğundursa, yuxu balansı pozulubsa, bu zaman yuxular yadda qalmır. Ona görə də, intuisiyası yüksək olmayan, təxəyyül, fantaziyası çox inkişaf etməmiş insanlar yuxuları yadda saxlaya bilmirlər".

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et