Bu gün:

Özünə inamın aşağı olmasının səbəbləri və onu qazanmağın yolları


Özünə güvən nədir?

Alimlərin fikrincə, özünə inam şəxsiyyəti təşkil edən məfhumlardan biridir. Bu, insanın özünü qiymətləndirməsi nəticəsində baş verən subyektiv hadisədir. Başqa bir tədqiqatçı özünə inamı bir şəxsin ümumi xüsusiyyət olmaqdansa, müəyyən bir fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirəcəyinə inanması kimi tərif etmişdir.

Özünə güvən özünü tanımaq, özünə güvənmək, doğru ilə yanlışla barışmaq, başqa insanların təsiri altına düşmədən öz qərarlarını verə bilmək, uğur qazana biləcəyinə inanmaq, uğursuzluqları qəbul edib, onları həyata yük və şəxsiyyətin bir parçası etməmək deməkdir. Özünü tanımaq, özünə inamın qurulması və inkişaf etdirilməsi üçün ilk addımdır.

Özünə inamsızlıq nədir?

Özünə inamlı davranmaqda zəif olan fərdlər bəzi ümumi xüsusiyyətlərə malikdirlər. Bu fərdlər özlərindən əmin ola bilmirlər və özlərini adekvat hiss edə bilmirlər. Onlar tez-tez digər insanlardan daha çox narahat olurlar və soruşurlar ki, mən niyə özgüvənsizəm? Onlar özlərini çox sərt mühakimə edə və narahatlıq səviyyələrini daha da artıra bilərlər.

Özünə inamın aşağı olmasının altında yatan səbəb, əslində insanın özü haqqında mənfi düşüncələridir. Bu insanlar çox vaxt özlərini çox sərt mühakimə etdiklərini bilsələr də, bundan vaz keçə bilmirlər. Özünə inamın aşağı olması təkcə böyüklərdə deyil, uşaq və yeniyetmələrdə də müşahidə oluna bilər.

Özünə inamı aşağı olan insanların özlərinə, həyata və gələcəyə bədbin baxması hallarına çox rast gəlinir. Bu insanlar özlərini dəyərsiz görür və həyatda heç bir əhəmiyyətli uğura doğru addım atmırlar, çünki onlar  uğursuzluğa düçar olacaqlarına inanırlar.

Tədqiqat nəticələrinə görə, özünə inamı olmayan fərdlər özlərini müvəffəqiyyətli hiss etmək üçün başqalarının təsdiqinə və heyranlığına ehtiyac duyur, eyni zamanda uğursuzluqdan qorxur, tənqid və mübarizədən qaçırlar.

Özünə inamın aşağı olmasının səbəbi nədir?

Özünə inam genetik əsaslı xüsusiyyətdən çox öyrənməyə əsaslanır. Özünə inam yaşanılan hadisələr nəticəsində inkişaf edən və həyat boyu enişli-yoxuşlu bir prosesdir. 

Uşaqlıqda yaşanan mənfi təcrübələr özünə inam səviyyəsinin azalmasına əhəmiyyətli dərəcədə təsir edir. Uşaqlıq illərində cəza, laqeydlik, sui-istifadə kimi təcrübələr yaşayan və ya davranışlarına görə bu kimi mənfi nəticələrə məruz qalan uşaqlar yaxşı heç nəyə layiq olmadıqlarına dair stereotiplərə və mühakimələrə malik olub, pisliyə layiq olduqlarını düşünürlər. Bu zehniyyətlər onları yetkin həyatlarında təqib etməyə davam edir.

Ailələrin uşaqlarından gözləntiləri yüksək və əsassız ola bilər. Bu əsassız gözləntiləri qarşılaya bilməyən uşaqlar onların kifayət olmadığını düşünür və bu qeyri-adekvatlıq qavrayışına görə özünə inamsızlıq yaranır.

Yeniyetməlik dövrünün başqalarından fərqli keçməsi həmyaşıdları tərəfindən təcrid edilməsinə səbəb olur və bu kənarlaşma özünü başqalarından fərqli görmə hissini yaradır. Bu qavrayış da başqaları kimi özünə inamsızlığa səbəb olur. Həyat boyu kifayət qədər istilik, sevgi və dəstək almamaq da özünə inamı aşağı salan səbəblərdən biridir. Əgər insan sevdiyi insanlar tərəfindən dəstəklənir, sevilir və etibar edilirsə, özünə inamı artır.

Özünə inam uşaqlıq dövründə formalaşan və ailənin davranışlarından birbaşa təsirlənən bir anlayışdır. Dəstək almayan, “yaxşı” deyilməyən, “niyə, daha yaxşı ola bilməzdi?” sualı verilən uşaqlarda özünə inamın aşağı olması qaçılmazdır. Ailə uşaq haqqında yaxşı düşünməsə, uşaq da özü haqqında yaxşı düşünməz.

Özünə inamı necə inkişaf etdirmək və təkmilləşdirmək olar?

Özünə inamı artırmaq və özünə inamlı olmaq üçün edilməli olan şeylərdən biri də özünü tənqid etməyi dayandırmaq və içindəki incidən və tənqid edən səsdən xilas olmaqdır. Bunun üçün əvvəlcə insan daxili səsinin nə dediyini və hansı vəziyyətlərdə özünü necə tənqid etdiyini dərk etməlidir. Özünün fərqində olmaq və özünü tənqid etdiyi vəziyyətləri bir həftə ərzində qələmə almaq, daxili səsin dediklərini dəyişdirmək özünə inam qazanmaq üçün çox əhəmiyyətli bir addımdır.

Başqa bir üsul, yaxşı keyfiyyətləri qeyd etməkdir. İstedadlı və bacarıqlı olunan vəziyyətləri tanımaq və onlara diqqət yetirmək lazımdır. 

Özünə inam problemlərinə görə qaçınılan şeyləri həll etmək lazımdır. Çətinlik insanın özünü etibarsız hiss etdiyi və etməkdən çəkindiyi şeyləri etməyə məcbur etmək və həvəsləndirməkdən ibarətdir. 

Bir kağız parçasına insan özü haqqında müsbət şeylər yazmalıdır. Başqalarının özü haqqında dediyi müsbət şeyləri də yazmaq lazımdır. Ən azı 5 müsbət şey tapıb yazmağı hədəfləmək və hər həftə bu siyahıya yenisini əlavə etmək lazımdır.

Özünə inam həyat boyu eniş-yoxuşları olan bir anlayışdır. İnsan özgüvənsiz doğulmur və ya həyatı boyu belə qalmır. İnsanın özünə həddən artıq güvəndiyi günlər də ola biləcəyini düşünməsi ona özünə inamın dinamik xarakterini xatırladır. Odur ki, insanın özünə inamı artıra və özüylə bağlı müsbət cəhətləri dərk edə biləcəyinə inanması lazımdır.

Mənbə: Hiwell

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et