Bu gün:

Uşaqlarda xəyali dost dövrü


Xəyali dost uşağın oyunlarında, əyləncəli və ya qorxulu anlarında onu müşayiət edən, hiss və düşüncələrini paylaşa biləcəyi zehni obrazdır. Bu dost uşağın bəyəndiyi cizgi film qəhrəmanı, oxuduğu kitabların qəhrəmanı, sevimli heyvan, və ya uşağın əvvəllər görmədiyi və tamamilə öz ağlından yaratdığı biri ola bilər. Bəzən də uşağın tanıdığı və sevdiyi biri ola bilər.

Uşaq bu adamı tanısa da, tanımasa da ona ad qoyur. Rolları, hissləri və düşüncələrini dostuna aid edir. Bunlar, əsasən, uşağa aid olan hisslər və düşüncələrdir. Uşaq xəyali dostu ilə vaxt keçirərkən özünü əsl dostluqdakı kimi aparır. Gah birlikdə əylənib gülür, gah da razılaşmır və inciyirlər. Dostu ilə yüksək səslə söhbət edə və ona əsəbiləşə bilər. Necə olduğunu, nə işlə məşğul olduğunu soruşa bilər.

Xəyali dostunun dünyasında baş verənlər haqqında uşaqlar ailəsinə məlumat verə bilər. Bu hekayələrin əksəriyyəti uşağın öz həyat təcrübələrini əhatə edir. Bu şəkildə uşaq digər uşaqların da oxşar təcrübə yaşadıqlarını düşünərək özünü rahat hiss edir. Üstəlik, ailəsinin və ya ətrafındakıların bu hekayələrə reaksiyasından asılı olaraq özünü yaxşı və ya pis hiss edə bilər.

Uşaq öhdəsindən gələ bilmədiyi konfliktləri, stressləri, qorxu və narahatlıqlarını xəyali dostu vasitəsilə ifadə edir. Bunun öhdəsindən gəlmək üçün dostu ilə söhbət edir, oyunlar oynayır. Uşağın beynində yaratdığı bu xəyali dostluq onun üçün son dərəcə dəyərli və realdır. Ancaq bu dost həmişə təxəyyül məhsulu olmaq məcburiyyətində deyil. Bəzən uşaq özünə dost olaraq gəlincik, oyuncaq ayısını və s. seçə bilər.

Uşaqlar bu oyuncağı dostu kimi oynayırlar. Onunla alış-verişə və ya parka getmək istəyə bilərlər. Üşüdüyünü düşünüb üstünü örtər, yuxusunun gəldiyini düşünüb yatıra bilərlər. Hətta gecələr birlikdə yatmaq da istəyə bilərlər.

Xəyali dostlar nə vaxta qədər normal hesab edilməlidir?

Xəyali dost uşaq dünyasında təxminən 2 yaşında, simvolik oyun görünməyə başlayanda peyda olur. Bu dövr həm də uşağın dil bacarıqlarının inkişaf etdiyi, özünü sözlə ifadə edə bildiyi dövrdür. 2 ilə 7 yaş arasında uşaqlar tez-tez və ya arabir xəyali dostları haqqında danışa bilərlər. Uşaq oynaya biləcəyi və söhbət edə biləcəyi həqiqi dostlara sahib olmağa başladıqca, xəyali dostların meydana çıxma tezliyi azalacaq.

Bəzən bu əsl dostluq televizor, planşet və telefonla əvəz olunur. Bu zaman uşaq oyun yoldaşına olan ehtiyacını ekran vasitəsilə süni şəkildə ödəyir. Lakin rəqəmsal ekranlardan istifadə uşağın təxəyyülünü darıxdırır və interaktiv qarşılıqlı əlaqə olmadığı üçün uşaqda qarşılıqlı əlaqə yarana bilmir. Bu vəziyyət uşağın sosial inkişafına zərər verir.

Buna görə də, rəqəmsal ekranlara məruz qalma, xüsusilə erkən uşaqlıq dövründə məhdudlaşdırılmalı və nəzarət edilməlidir. Əsasən, xəyali dostlar təxminən 6 yaşında öz-özünə yox olurlar. Uşaq dostunun uzun müddət tətilə getdiyini və bir daha gəlməyəcəyini söyləyə bilər. Uşaq xəyali dostu haqqında danışmağı dayandırıb, həqiqi dostları haqqında danışmağa başlayar.

Xəyali dostluq 6-7 yaşdan sonra da davam edərsə, qiymətləndirmə üçün peşəkar dəstək axtarılmalıdır.

Uşaqlar niyə xəyali dostlar edirlər? Bu dostluq hansı uşaqlarda daha çox müşahidə olunur?

Xəyali dostluq 2-7 yaş arası bütün uşaqlarda görünə bilər. Bununla belə, onun tezliyi aşağıdakı hallarda daha yüksəkdir:

İlk və tək uşaq kimi böyüyən uşaqlarda (uşaq evin ilk övladıdır, evdə başqa bacı-qardaş və ya yaşıdları yoxdur)

İnkişaf etmiş təxəyyül və yüksək yaradıcılıq qabiliyyəti olan uşaqlar

Televiziya, planşet, telefon kimi rəqəmsal ekranlara məruz qalma müddəti məhdud olan uşaqlarda

İstisna edilən, dostluq edə bilməyən və ya dostluq edə biləcəyi mühitlərdən uzaq olan uşaqlar

Sosial cəhətdən güclü, lakin sosiallaşmaq imkanı olmayan uşaqlar (məktəbə getmə yaşı çatmayan, məktəbəqədər təhsilə başlamamış, yaşadıqları mühitdə yaşıdları olmayan uşaqlar)

Valideynlərin həddindən artıq qoruyucu rəftarlarına görə qorunan uşaqlar

Uşağın evə yeni qardaş-bacısının gəlməsi, köçməsi, boşanma, məktəb dəyişməsi, yas tutması, travma kimi stres yaşadığı vəziyyətlərdə

Zalım-avtoritar və ya laqeyd valideyn münasibəti ilə böyüyən uşaqlarda

Xəyali dost nə vaxt zərərli olur?

Uşağın xəyali dostluq münasibəti 6-7 yaşından sonra da davam edərsə, ailə uşağın dosta qarşı ifadələrini diqqətlə dəyərləndirməlidir. Bu yaşdan sonra uşaq öz sosial çevrəsindəki həmyaşıdları ilə həqiqi dostluq əlaqələri qurmağı və dostluq münasibətlərini inkişaf etdirməyi bacarmalıdır. Uşaq məktəbdə və ya yaşadığı sosial mühitdə dostluq edə bilmirsə, mütəxəssisdən dəstək alması düşünülməlidir. Xəyali dost uşağın duyğularına, düşüncələrinə və davranışlarına istiqamətləndirici təsir göstərirsə, dəstək axtarılmalıdır.

Əgər uşaq arzuolunmaz davranırsa və bunları ona xəyali dostunun vadar etdiyini söyləyirsə, mütəxəssisə müraciət edilməlidir. 

Mənbə: Aba Psikoloji

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et