Bu gün:

Şüuraltının insan həyatında rolu nədən ibarətdir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Nabat Mirzayevadır. Psixoloq şüuraltının həyatımızda rolu haqda danışıb.


-Şüuraltının insan həyatında rolu nədən ibarətdir?


Şüur-psixika kimi beyinin funksiyası, bilərək, dərk edərək etdiklərimizdir. Fərqli bir anlayış kimi də şüuraltı var. Şüuraltı isə aysberqin görünməyən tərəfidir. Yəni bizim uşaqlıqdan bəri topladığımız bütün məlumatların, yaşantıların, duyğuların toplandığı bir yerdir. Şüuraltı həyatımızda bir çox şeyləri reaksiyalar, işarələr verərək idarə etməyə çalışan, həmin duyğularla üzləşdiyimiz bir yerdir. Əgər biz şüuraltıyla üzləşməyi bacarmırıqsa, orada yaşantıları həll etməyə çalışmırıqsa, yaşadığımız  duyğuların bizə nələr vəd etdiyini, nələr vəd edəcəyini anlamırıqsa, gələcəkdə bəzi şeylərdən məhrum ola bilərik. “Mən bu duyğu zamanı nəyi öyrənməliyəm?” dediyimiz zaman şüuraltıda olan duyğulardan, artıq bir növ bizi  qorxudan, sıxan, həyat yaşantılarımızın önünü kəsən, hansı ki bizi stressə salan duyğular var ki, depolanmış yaşantılarımızdan zamanla uzaqlaşa bilərik. 


Məsələn, bir uğura addımlayırıq. Bu zaman  anidən ağlımıza bəzi mənfi düşüncələr gəlir: " Ya bunun nəticəsi yaxşı olmazsa, ya mən qorxularımla rastlaşaramsa, ya uğursuz olaramsa, ya, ya, ya...” həmin bu “ya” lar bizim uşaqlığımızdan gördüyümüz, yaşadığımız, topladığımız və onlarla üzləşmədiyimiz duyğulardır. Bu duyğular üst səviyyəyə keçdiyi üçün artıq beynimizin arxasındadır və bizi daha doğrusu, fikirlərimizi bir növ idarə etməyə başlayır. Qorxduğumuz üçün biz artıq o uğura getdiyimiz həmin yolu çəkinərək, geri-geri addımlayaraq, şübhə ilə, sorğularla gedirik və bu ehtimal nəzəriyyələri bizdə istəmədən yaranır. Bu da o deməkdir ki, artıq şüuraltımız bizi idarə etməyə başlayıb. 


Şüuraltımızın həyatımızda rolu nə qədər önəmlidirsə, bizim onu idarə etməyi bacarmağımız, o fikirlərə qalib gəlməyimiz də bir o qədər önəmlidir. Çünki şüuraltının bizi idarə etməyinə nə qədər icazə verməyimiz, bir o qədər şeydən də geri qalacağıq anlamına gəlir. Deyək ki, bir valideyn övladına yıxılmazdan əvvəl "yıxılacaqsan, çox səndələyəcəksən"  deyərsə, bu qorxularını da övladına ötürərək onda da həmin qorxu hisslərinin yaranmasına səbəb olacaq. Kimisi onu gələcəyə ötürmədən, o düşüncələrlə mübarizə apararaq həyatında qalib gəlməyi bacaracaq, kimisi isə ona uşaqlıqdan ötürülən bu qorxulara qalib gələ bilmədiyi üçün bir çox işlərində geri çəkilməli olacaq.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et