Bu gün:

"İdman mənim həyatımdır. Hər şey bir yana, idman bir yana"


24Media.az - ın bu dəfəki qonağı MMA üzrə Avrasiya çempionu, 40 dəfədən çox ölkədaxili yarışlarda birincilik əldə edən Saleh Cəfərovdur. 15 yaşlı Saleh həm əzmlə çalışan idmançı, həm də müəllimdir.

Özünüzü təqdim edərsiniz.

- Cəfərov Saleh, 2008-ci il təvəllüdəm.  2014-cü ildə Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə təhsil almağa başlamışam. 2019-cu ildə təhsilimi Sabir Abbasov adına 117 saylı tam orta məktəbdə davam etdirdim. Hazırda, 9-cu sinifdə oxuyuram.

Sizə görə uğurun sirri nədir?

-Düzgün yol, məqsəd, səbr və inam.

Yorulanda sizi nə motivasiya edir?

-Gələcəkdəki dünya çempionatını və oradakı qalibiyyətimi gözümün önünə gətirirəm.

Həyatdakı idealınız kimdir?

-Həyatdakı idealım yoxdur. Çalışıram ki, özüm qalxım və gələcəkdəki gənclərin idealı özüm olum.

Gələcəklə bağlı planlarınız nədir?

-Dünya Avropa çempionu və tanınmış bir məşqçi olaraq gəncləri idmana cəlb edib dünya çempionları yetişdirməkdir.

Ən böyük dəstəkçiniz kimdir?

-İlk növbədə, ailəm və məşqçimdir.

Gün ərzində məşqlərinizə nə qədər vaxt sərf edirsiniz?

-Həftənin 6 günü məşqlərim olur və 5-6 saat vaxt sərf edirəm.

İdmana olan sevginizi necə izah edərsiniz?

-İdman mənim həyatımdır. Qısa və konkret. İdmanda olan uğurlarım məni idmana daha da bağlayır və sevindirir. Hər şey bir yana, idman bir yana

İdmançının güclə keçə bilmədiyi və əldə edə bilmədiyi nə isə varmı?

-İdmanda gücdən əlavə savad da lazımdır. Məsələn, taktikalardan, fənlədən, döyüş zamanı istifadə edəndə gücdən daha çox, ağıldan istifadə etmək lazımdır. 

Boş vaxtınızı necə dəyərləndirirsiniz?

-Boş vaxtım çox az olur. Bacardığım qədər dəyərləndirməyə çalışıram və ailəmlə, dostlarımla vaxt keçirirəm. Futbol oyunları izləyirəm, həmçinin, tanınmış döyüşçülərə baxıram.

MMA üzrə ən çox sevdiyiniz idmançı kimdir?

-İlk başlarda Rafael Fiziyev, ardından Tofiq Musayevdir. Onlar bir çox idmançılardan fərqlənir.

Rafel Fiziyev və Tofiq Musayev nəyə görə bir çox idmançılardan fərqlənir ? 

Bəzi idmançılar müəyyən uğura sahib olduqda bir vaxtdan sonra idmana olan sevgisi bir az soyuyur və populyarlığı artır deyə idmanda boşluqlar buraxır. Amma öz gözümlə şahidi olmuşam ki, bunlar uğur ardınca uğur gətirir.

 İdmana gəlişiniz və marağınız necə yaranıb?

-Döyüş filmləri izləyirdim. Ümumiyyətlə, bu idman növünə uşaqlıqdan döyüşə marağım olub. 

MMA necə bir idman növüdür və o biri idman növlərindən nə ilə fərqlənir?

-MMA öz döyüş üslubuna, geyiminə və qayda-qanununa görə fərqlənir. Burda qaydalar fərqlidir və 18 yaşdan sonra bir çox idmançı zədə də ala bilər.

Məşqçiniz Ülvi müəllim haqqında nə demək istərdiniz?

-Ülvi müəllim mənim təkcə müəllimim deyil, dostum və sirdaşımdır, yəni ailəmdir. Elə problemlərim olub ki, hər kəsdən qabaq o öyrənib və bilmədən həll edib. Artıq 5 ildir ki, bir yerdəyik və bir ailə olmuşuq. Ülvi müəllim öz işində də təcrübəlidir. Gələcəkdə mənim düzgün müəllim kimi fəaliyyət göstərməyim üçün çox çabalayıb və çox şeyi mənə öyrədib. Ümid edirəm ki, onun kimi gözəl məşqçi olacağam.

Digər idman növlərinə necə münasibət bəsləyirsiniz?

-Hər bir digər  idman növü ilə məşğul olan idmançılarla fəxr edirəm, hamısı bayrağımızı yüksəldir. Digər idman növlərinə qarşı xoş münasibətim var.

Dərsləriniz necə gedir və gələcəkdə MMA-dan başqa hansı sahə üzrə çalışmağı düşünürsünüz?

- Bacardığım qədər dərslərimə vaxt ayırıram. Amma yarışlara və məşqlərə görə, bəzən, dərsləri buraxıram. Çünki yığma komandalara cəlb olunuram. Amma savadsız idmançı heç kimə lazım olmadığı üçün təhsilimə də bacardığım qədər vaxt ayırıram.

Oxucularınıza son sözünüz nədir?

-Sağ olun ki, bizim kimi idmançıları işıqlandırırsınız və dəyər verirsiniz. Son sözüm odur ki, gənclərimiz narkomaniyadan, zərərli vərdişlərdən uzaq olsunlar. Bacardıqları qədər idmanla maraqlansınlar. Bütün gəncləri idmana dəvət edirəm.

 Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et