Bu gün:

Ruhun qidası olaraq bilinən musiqilər, beynimizə necə təsir edir?


Musiqi bizim həyatımızda böyük yer tutan mürəkkəb səslər mənbəyidir. Həyatımızın hər sahəsində musiqi var: əylənmək, istirahət etmək və ya bizə gətirdiyi xatirələri xatırlamaq istədikdə və s. Musiqiyə qulaq asırıq, çünki o, duyğularımızı ifadə etmək üçün ən yaxşı vasitələrdən biridir. Bəzilərimiz alət(lər)də ifa edirik, bəzilərimiz isə bu mürəkkəb səsləri bir araya gətirərək dinləmək və ifa etməkdən kənara çıxıb bəstələr bəstələyirik.

 

Musiqi dinləməyə başlayanda beynimizin demək olar ki, bütün hissələri təsirlənir. Birincisi, musiqi eşitmə qabığına çatır və burada onun ən əsas elementlərinə (ton, tembr, davamlılıq və s.) parçalanır. Eşitmə qabığı musiqi məlumatlarının axınını bölmək üçün beyincik ilə işləyir. Serebellum amigdala (beynin emosional mərkəzi) və frontal lobla birləşir.

Musiqi dinləyərkən beyindəki həzz mərkəzi olan nucleus accumbens neyrokimyəvi dopamini aktivləşdirir və ifraz edir, bu da özümüzü yaxşı hiss etməyimizə səbəb olur. Bu kimyəvi maddə sevdiyimiz bir şeyi yedikdə və ya orqazm olduqda ifraz olunur. Bundan əlavə, musiqi dinləyərkən beyində endorfinlər də ifraz olunur. Məlum olduğu kimi, ağrı və ya stress zamanı endorfin ifrazı artır və təbii ağrıkəsici rolunu oynayır.

 

Stenford Universiteti Tibb Fakültəsinin doktoranturadan sonrakı tədqiqatçısı Daniel Abrams deyir: "Musiqi zövqündəki fərqlərə baxmayaraq, beynin musiqi təcrübəsi çox ardıcıl şəkildə baş verir.

Musiqi təhsili olmayan tədqiqat subyektləri fMRI beyin incələməsindən keçərkən dörd simfoniyaya qulaq asıblar. Tədqiqatçılar musiqinin bütün iştirakçıların beyninə demək olar ki, eyni təsir göstərdiyini müəyyən ediblər: Beynin hərəkət, planlaşdırma, diqqət və yaddaşda iştirak edən bölgələri aktivləşib. Bu araşdırma göstərdi ki, musiqi dinləmək beyində digər səslərdən fərqli şəkildə işlənir.

Neyroloq Valori Salimpoorun Nature jurnalında dərc etdiyi araşdırmanın nəticələri belədir: Musiqi mücərrəd bir stimul olduğu üçün eyforiya və həsrət hissləri oyada bilər. Raclopride pozitron emissiya tomoqrafiyasından istifadə edərək avtonom sinir sisteminin fəaliyyətinin psixofizioloji ölçülməsində musiqi dinləyərkən endogen dopamin ifraz olunduğu aşkar edilmişdir.

 

Musiqinin həyatımıza müsbət təsirləri saysız-hesabsızdır. O, endorfinləri ifraz edir və müsbət emosional reaksiyalara səbəb olur. Bir çox araşdırmalar göstərir ki, musiqi beyin funksiyalarını yaxşılaşdırır. Araşdırmalar nəticəsində musiqinin depressiyadan qurtulmağa kömək etdiyi və xroniki ağrıları azaltdığı müşahidə edilib.

Musiqi terapiyası nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur. Bu terapiya ilə beynin müəyyən sahələri stimullaşdırılır, beyin maddələr mübadiləsi stimullaşdırılır və qan axını sürətlənir. Tədqiqatlar həmçinin musiqiyə qulaq asmağın dolayı yolla xatirələri stimullaşdırmağa kömək etdiyini müşahidə edib. Buna görə də Alzheimer xəstələrinə musiqi terapiyası tətbiq olunur.

Musiqi təhsili almaq yaddaşı gücləndirdiyi üçün düşünmə qabiliyyətini də artırır. Musiqiçilərin eşitmə qabiliyyətinin yaxşılaşması da müşahidə edilmişdir. Bu, dolayı yolla öyrənməyə təsir edir. Araşdırmalardan birində musiqi təhsili alan uşaqların söz ehtiyatının və oxuma qabiliyyətinin musiqi təhsili almayan uşaqlara nisbətən daha yüksək olduğu müşahidə edilib. 

Gördüyünüz kimi, musiqi dinləmək və ya ifa etmək beynimizə və həyatımıza bir çox müsbət təsir göstərir. Məqaləmizi Çin filosofu Konfutsinin sözləri ilə bitirək: "Əgər həyat sizə ağrı və kədər verirsə, sakitliyi musiqidə axtarın".

 

Mənbə: Evrim Ağacı

Tərcümə edən: Gülay Qəribova

Paylaş
Şərh əlavə et