Bu gün:

"Şagirdlərin mənəvi inkişafında psixoloqlar əhəmiyyətli rol oynayırlar"



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, Azərbaycan məktəblərində psixoloqların fəaliyyəti barədə danışıb.

-Bu gün Azərbaycan məktəblərində psixoloq vəzifəsini tutan şəxslər nə qədər peşəkardılar, şagirdlərə nə qədər faydalı olurlar?

Günümüzdə psixoloqlar orta məktəblərdə şagirdlərin mənəvi inkişafı üçün kifayət qədər əhəmiyyətli rol oynayırlar. Bir neçə il əvvəl Nazirlər Kabinetinin qərarı ilə 500 şagirdə bir psixoloq düşəcək şəkildə bir düzənləmə edildi, bu çox faydalı bir addım idi. Çünki əvvəllər şagird sayından asılı olmayaraq məktəblərdə bir psixoloq fəaliyyət göstərirdi və 3 min, 4 min şagirdə bir psixoloq yetərli olmurdu. 500 nəfərə bir psixoloq isə məncə, kifayət qədər effektivdir. Təbii ki, əgər psixoloq peşəkardırsa, öz işini layiqincə yerinə yetirirsə, o bunun öhdəsindən gələ biləcək. Nəzərə almaq lazımdır ki, 500 şagirdin içərisində psixoloqa ehtiyacı olan, psixoloji problemləri olan, mənəvi dəstəyə ehtiyac duyan 15-20 uşaq olur. Psixoloq burada işini düzgün qurmalıdır, problemləri olan uşaqları siyahıya almalıdır və o siyahı ilə müəyyən vaxt aralıqları daxilində onlarla görüş təşkil etməlidir. Dünyada məktəblərdə psixoloji rəhbərlik vəzifəsində işləyənlər, şagirdlərin həm peşə hazırlığı, həm də onların gələcəyə hazırlığı üçün onlarla görüşlər təşkil edirlər. Müəyyən yaş aralığında şagirdlərə vaxt ayrılması, onların problemlərinin dinlənilməsi, bir gəncin, gələcəyin bir vətəndaşının düzgün istiqamətləndirilməsinə gətirib çıxarır. Ona görə də məktəblərdə psixoloq seçimi düzgün olmalıdır, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Avropa ölkələrində məktəb psixoloqları üçün ən azı magistr dərəcəsi tələb olunur, çünki onlar digər kadrlara görə daha təcrübəli, daha peşəkar olmalıdırlar, onların peşəkar olması şagirdlərin gələcəyi üçün çox əhəmiyyətlidir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et