Bu gün:

Tarix millətin ve insanlığın həyatıdır




Tarix əsərlər bədii ədəbiyyatda mühüm bir yer təşkil edir. Onlar bizə keçmişi anlamağa kömək edir ki, daha yaxşı gələcək qura bilək. Tarixi əsərlər ölkənin tarixi və tarixi şəxsiyyətlər haqqında dərin məlumat verir.  Fikrimcə roman və ya əsər yazmaq nə qədər çətindirsə, tarixi roman və ya əsər yazmaq daha ağır və zəhmətli işdir. Çünki müəllif bəhs etdiyi dövrü mükəmməl bilməli, xalqın adət- ənənələrini, o dövrdə olan tarixi şəxsiyyətləri ətraflı araşdırmalıdır. Azərbaycan tarixini əks etdirən əsərləri yazan müəlliflərdən biri də, Məhəmməd Səid Ordubadidir. Hətta onun "Ədəbiyyatımız və tənqidimiz haqqında" məqaləsində deyilirdi ki, "Vətəni sevmək kifayət deyil, onu layiqincə tanımaq lazımdır. Xalqı sevmək azdır. Onun əxlaq və adətlərini layiqincə öyrənməlisən və əsərində tərənnüm etməlisən"

Məmməd Səid Ordubadinin məşhur tarixi romanları, xüsusən, "Dumanlı Təbriz", "Qılınc və qələm"  Lev Tolstoyun "Hərb və sülh" romanı ilə müqayisə oluna bilər. Görkəmli yazıçı Məmməd Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisidir. Məmməd Səid Ordubadinin tarixi romanları ilə Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri də formalaşmışdı. "Qılınc və qələm" tarixi romanı (1946) Azərbaycan tarixinin Nizami dövrünün ədəbi salnaməsidir. Böyük sənətkarlıqla yazılmış bu möhtəşəm bədii əsər Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır. "Dumanlı Təbriz" tarixi romanı (1933-1938) Azərbaycanda milli azadlıq hərəkatının tarixini və ideallarını əks etdirən və yaşadan böyük ədəbi hadisədir. Məşrutə hərəkatı dövrünün tarixi də, ədəbiyyatı da son yüz ildə özünün ən parlaq əksini "Dumanlı Təbriz" əsərində tapmışdır. 


Daha bir tariximizi əks etdirən əsərləri yazan müəlliflərdən biri də Azərbaycanın xalq qurucusu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. 

"Azərbaycan mübarizə yolunda" Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş 13 bölmədən ibarət tarixi əsəridir.Əsərdə Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhuriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir.

"Əsrimizin Siyavuşu" əsəri isə Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi əsəridir. Məhəmməd Əmin əsəri 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lahıcda gizlənərkən yazıb. Əsər 1923-cü ildə İstanbulda çap edilib.

Fərman Kərimzadənin yazdığı "Çaldıran döyüşü" əsəri də vətənimizin tarixini əks etdirir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyət və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi əsərin əsas mövzusudur.


Hazırladı:Aysu Orucova

Paylaş
Şərh əlavə et