Bu gün:

"Beynəlxalq təhsil sistemində ibtidai sinifləri bu qədər imtahan etmirlər"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil üzrə ekspert Elşən Qafarovdur. O, ölkə ərazisində 18-19 mayda keçirilən monitorinqlərdən danışıb. 


İbtidai siniflər üçün keçirilən monitorinqlər nə dərəcədə əhəmiyyətlidir?


Vaxtaşırı olaraq məktəb daxili qiymətləndirmələrdən əlavə, milli qiymətləndirmə də keçirilir. Eyni zamanda, monitorinqlər də keçirilir. Bunu hər bir yerli təhsili idarəetmə orqanı öz tabeçiliyində məktəblərdə keçirir ki, ayrı-ayrı siniflər, fənlər üzrə təhsil vəziyyətini yoxlasın. Məsələnin problemli tərəfi isə ibtidai təhsil səviyyəsindəki uşaqları həddindən artıq çox imtahanlar ilə yükləməyimizdir. Bir tərəfdən isə iddia edirik ki, beynəlxalq təhsil səviyyəsinə inteqrasiya olunuruq. Beynəlxalq təhsil sistemində ibtidai sinifləri bu qədər imtahan etmirlər. Həmçinin ibtiadi siniflərin psixoloji vəziyyəti, yaş dövrləri nəzərə alınır. Xüsusən də, kiçik yaş dövründəki uşaqların monitorinqləri qəbuledilməzdir. Biz bir neçə il bundan əvvəl birinci sinifləri kiçik summativ qiymətləndirmələrini də ləğv etdirdik. Düşünürəm ki, ibtiadi sinif təhsil səviyyəsində bu kimi monitorinqlərə son qoyulmalıdır. Amma 5,6,7,8,9-cu siniflərdə, tam orta təhsil səviyyəsində monitorinqlərin aparılması, tədris vəziyyətinin yoxlanılması, analiz edilməsi müsbət addımdır. 


Növbəti tədris ilində bu kimi monitorinqlər keçiriləndə ibtidai təhsil səviyyəsində deyil, ümumi orta və tam orta tədris səviyyəsində keçirilməsi daha məqsədəuyğun olar. Burada yalnız buraxılış fənlərdən olan tədris dili riyaziyyat və xarici deyil, eyni zamanda, Azərbaycan tarixi, coğrafiya, biologiya, fizika, kimya və s. digər fənlərin də monitorinqlərinin aparılması sanki arxa plana keçirilmiş həmin fənlərin tədrisinə diqqət ayırmış olacaq.


Monitorinqlər statistika xatirinə olmamalıdır. Buraxılış fənlər üzrə nəticələr hesablandığına görə yerli təhsil idarəetmə orqanları da daha çox tədris dili, riyaziyyat və xarici dilinə üstünlük verirlər. O cümlədən məktəblərdə də bu hal belədir.  Ona görə daha çox tələb olunan fizika, kimya, biologiya, coğrafiya və Azərbaycan tarixi fənlərinin tədrisinə nəzarət arxa plana keçib. Həmin fənlərin monitorinqlərinə daha çox üstünlük verilsə, çox yaxşı olar. Ümumilikdə, ibtidai təhsil səviyyəsində, yəni 4-cü sinifdə olan monitorinqləri çıxmaq şərtilə bu prosesin həyata keçirilməsi müsbət addımdır. Bu monitorinqlər, məktəblərin nəticələri eyni zamanda müzakirə edilir. Bu, məktəblər üzərində əlavə məsuliyyət yaradır.


Çinarə Muradova

Paylaş
Şərh əlavə et