Bu gün:

Stressli anlarda daxili dincliyinizi qorumağın yolları



Həyat bizim səbr və sükutumuzu müxtəlif yollarla sınayır. Bəzən pis münasibətlər, bəzən ailədəki böhran, bəzən də işdəki şərtlər hamımızı sıxışdıra bilər. Belə zamanlarda səbr və sükutu qorumaq asan olmaya bilər. Stressli anlarda daxili rahatlığınızı qorumağın yolları...


1. Unutmayın ki, düşüncələriniz fakt deyil, sadəcə fikirlərdir

Düşüncələr gün ərzində necə hiss etdiyimizə böyük təsir göstərir. Bəzən düşüncələrimizi gerçəkmiş kimi qəbul edə bilərik. Halbuki bunlar sadəcə düşüncələrdir, yəni dəyişdirilə və təkmilləşdirilə bilən şeylərdir. 

2. Özünüzlə baş-başa qalın

Klinik psixologiya sahəsində tədqiqatlar aparan prof. L.Kevin Çapman bizə xatırladır ki, insanlar tək vaxt keçirməyi tənhalıq hissi ilə qarışdıra və nəticədə, çox vaxt tək vaxt keçirməyin vacibliyini dərk edə bilmirlər. Ancaq tək başına etdiyiniz bir çox fəaliyyət sizi sakitləşdirir və özünüzlə sağlam münasibət qurmağınıza kömək edir. İdman etmək, kitab oxumaq, musiqi dinləmək, dua etmək tək başına edə biləcəyiniz və sizə dinclik bəxş edəcək işlərdəndir.

3. Nəfəs almağa diqqət edin

Gərgin və stresli olduğunuz zaman rahatlıq tapmaq və sakitləşmək üçün nəfəsinizə sığına bilərsiniz. Heç bir şeyi dəyişdirməyin və ya heç nə etməyin, yalnız nəfəsinizə diqqət edin. Qarınınızın necə qalxdığını və düşdüyünü düşünün. Burnunuza daxil olan havanın səyahətini düşünün.

4. Bədəninizə diqqət yetirin

Çoxumuz hər şeyi beyinimizin içində yaşayırıq. Keçmişdə baş verənlərin hesabını aparır və gələcəkdə nə etməli olduğumuzu düşünürük. Bütün bunlar bizə rahatlıq vermir və eyni zamanda, bədənimiz haqqında düşünməməyimizə səbəb olur. Bununla belə, vücudunuz gərgin olanda ruhunuzu necə sakitləşdirə bilərsiniz ki? Əvvəlcə bədəninizi dinləyin və istəklərinə qulaq asın. 

5. Günə sakit başlayın

Səhər saatları da günün qalan hissəsi üçün həlledici ola bilər. Hər səhər bir neçə dəqiqə olsa belə, özünüzə diqqət yetirmək, günün qalan hissəsi üçün dincliyinizə və sükutunuza təsir edə bilər. Məsələn, səhər qısa bir meditasiya edə və gündəlik tuta bilərsiniz. Xəbərlərdən, e-poçtlardan, mesajlardan və sosial mediadan nə qədər uzaq durub özünüzü dinləsəniz, bir o qədər yaxşıdır.

6. Sosial mediadan şüurlu şəkildə istifadə edin

Sosial mediadan istifadə tərziniz sizi stresə salır, yoxsa sakitləşdirir? Sosial mediadan istifadənizin həyatınıza təsirlərini dərk edərək sosial mediadan daha ağıllı istifadə edə bilərsiniz. Özünüzü başqaları ilə müqayisə etməyin, özünüz olun.

7. STOP texnikasını tətbiq edin

İngiliscə “stop, take a breath, observe, proceed” sözlərinin baş hərflərindən ibarət olan bu texnika aşağıdakıları ifadə edir: "Dayan, nəfəs al, müşahidə et və irəlilə". Bu texnikanı tətbiq etdikcə axtardığınız sakit perspektiv sizi tapacaq.


Mənbə: Uplifers.com

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et