Bu gün:

"Son bir xəbərdarlıq, yardım çağırışı edərlər"



24media.az-ın növbəti qonağı psixoloq Fuad Əsədovdur. O, daha çox hansı insanların intihara meyilli olduqlarından və bu insanlarla necə davranmalı olduğumuzdan bəhs edib. 

İntihar etmək istəyən insanlarda ilkin görünən diaqnozlar hansılardır və yaxınları intihar edəcəyindən şübhələndiyi adama qarşı hansı reaksiyaları verməli, münasibəti necə olmalıdır? 

İntihar etmək bir çox psixoloji problemlərin nəticəsi ola bilər. Təbii ki, ilk sırada depressiya gəlir. İntihar edənlərin bir çoxu depressiyadan əziyyət çəkən insanlar olurlar. Lakin eyni zamanda, tükənmişlik sindromu, təşviş pozuntusu, borderline şəxsiyyət pozuntusu, şizofreniya, çoxşəxsiyyətlilik pozuntusu və s. kimi digər pozuntuların təsiri ilə də insanlar intihar edə bilirlər.


Ümumiyyətlə, psixoloji narahatlıqları olan insanlara maksimum şəkildə qayğı və dəstəklə yanaşmaq lazımdır ki, burada, xüsusilə də, ailə dəstəyi önəmlidir. Mən bir şeyi də diqqətə çatdırmaq istəyirəm. Çox zaman intihar edəcək insanlar əvvəlcədən buna işarə verirlər. "Özümü öldürərəm", "Bezmişəm", "Ölsəydim, canım qurtarardı" kimi cümlələr qururlar. Cəmiyyətdə belə bir anlayış var ki, intihar edəcək olan insan bunu deməz, edər. Lakin bu yanlışdır.

İntihar etmək istəyən insanlar bunu deyərlər və bununla son bir xəbərdarlıq, yardım çağırışı edərlər. Ancaq ətrafındakılar dediklərinə fikir vermədikdə artıq intihara baş vurarlar. Dolayısı ilə biz hər kəsin, hətta xüsusi diqqət çəkmək meylində olan isteriklərin belə "Mən özümü öldürərəm ha", "Bax, özümü öldürərəm" kimi fikirlərini ciddiyə almalıyıq. Onları bezdirməmək şərti ilə intihar etmək istəyən şəxslərin maksimum dərəcədə yanlarında olmalıyıq. Onlara tək olmadıqlarını, yanlarında olduğumuzu və birlikdə mübarizə aparacağımızı, ortaq problemi olan şəxslərin də bunun öhdəsindən gəldiklərini, yaxud bununla yaşamağa alışdıqlarını deməliyik.

Bəzən, sadəcə, sevgi, həyatın gözəl tərəflərini görmək belə insanı intihar fikrindən daşındıra bilir. Əgər vəziyyətin çox ağır olduğunu görürüksə, məcburi şəkildə də olsa, onu psixiatrik dispanserə yatırırıq. Orada nəzarət altında qalır və həmin nəzarət müddətində müəyyən dərman müalicəsi və psixoterapiya alır. 


Aydan Qasımova 

Paylaş
Şərh əlavə et