Bu gün:

Niyə aşiq oluruq?


Qoy sevmək şeirlərin, mahnıların, romanların mövzusu olaraq qalsın; Sevgi deyilən şeyin, əslində, kimyəvi bir hadisə olduğunu ortaya qoyan psixoloji araşdırmalara rast gəlirik. Bu psixoloji tədqiqatlar inanır ki, aşiq olmaq, əslində, insanın "sürətli şəxsi inkişafa" nail olması üçün bir yoldur.

Ümumi maraq dedikdə nəzərdə tutulan əsas vəziyyətlər: oxşarlıq, yaxınlıq, maraqlı xüsusiyyətlər və qarşılıqlı heyranlıqdır. Məsələn, bir insanın inancları digərinin inancları ilə üst-üstə düşürsə və ya oxşar düşüncə tərzi varsa, sevginin qapısını açmaq mümkün ola bilər. Birlikdə vaxt keçirə bilən və ya bir-birinə çox yaxın yaşaya bilən insanlar bir-birləri haqqında daha çox düşünürlər və bu da sevmək imkanı yaradır. Bundan əlavə, qarşısındakı insan onu bəyənirsə, avtomatik olaraq ona aşiq ola bilər. Başqa sözlə, insan qarşı tərəfdən nə qədər çox bəyənmə alırsa, bir o qədər də bəyənməyə meylli olur.

Həyat yoldaşı seçərkən iki mühüm mövzu önə çıxır. Ətraf mühit üçün yaşamadığınıza nə qədər inansanız da, həyat yoldaşı seçimində sosial təsirlər və öz ehtiyaclarını ödəmək meyli əhəmiyyətli dərəcədə təsirli olur. İnsanlar, ümumiyyətlə, sosial normalara cavab vermək potensialına malik olan və öz sosial dairəsində qəbul olunma ehtimalı yüksək olan namizədlərə daha yaxın hiss edirlər. Bundan əlavə, qarşınızdakı insan sevgi, dostluq və yoldaşlıq kimi ehtiyaclarınızı qarşılaya bilsə, onlara çox daha tez aşiq ola bilərsiniz. 

Digər tərəfdən, aşiq olmağımızın digər ən diqqətçəkən səbəblərinə nəzər salsaq: Gözlənilməz və həyəcanlı bir mühit qarşıdakı insana olan hisslərimizi artırır. Həmçinin insanın fərqli bədəni və ya üz cizgiləri sevgiyə səbəb ola bilər. Aşiq olmağa hazır olan insanlar daha tez aşiq olurlar. 

Psixologiya ədəbiyyatına görə, münasibət qurmaq istəyən insan özünə inamı bir qədər azaldığı üçün daha asan aşiq ola bilər. Qarşınızdakı insanla bağlı qeyri-müəyyənlik yaşayırsınızsa və ya onun nə düşündüyünü, nə hiss etdiklərini anlamaqda çətinlik çəkirsinizsə, bu qeyri-müəyyənlik sizi ona aşiq olmağa bir addım da yaxınlaşdırır. Məsləhət görürük ki, bundan sonra bu məsələni taktikaya çevirənlərdən diqqətli olun və tələyə düşməyin!

Psixologiya ədəbiyyatında sevgini özünü genişləndirmə modeli olaraq təyin edən hərəkata görə, uzunmüddətli münasibətə girmək şəxsi muxtariyyətimizi qurban vermək deməkdir. Əgər aşiq olduğunuz insan arzuladığınız xüsusiyyətlərə malikdirsə, bu, azadlığını itirməkdənsə, özünü genişləndirən bir insan kimi müsbət qarşılanır.

Sevgi formulası: Serotonin, oksitosin və adrenalin

Neyrologiya sahəsində mütəxəssislər tərəfindən aparılan araşdırmalar da bu məlumatları dəstəkləyir. Maraqlıdır ki, aşiq olan insanların neyrokimyəvi profillərində kimyəvi serotoninin səviyyəsi aşağıdır. Aşiq olanda aşağı düşən serotoninin səviyyəsi, sözün əsl mənasında, obsesif-kompulsiv şəxsiyyət pozğunluğunun səbəb olduğu aşağı serotonin ilə eyni səviyyədə olur. Deməli, aşiq olmaq bir az dəlilik, bir az vəsvəsə və təbii ki, bir az da məyusluq deməkdir. 

Mütəxəssislər aşiq olanda narahatlığın da artdığına diqqət çəkərək, narahatlığın artması ilə qanda adrenalin miqdarının artdığını, adrenalin səviyyəsinin artmasının isə adamda aşiq olduğu insanın illüziyalarını görməsinə səbəb olduğunu bildirirlər. Yəni kiməsə aşiq olduqca narahatlığımız artır, narahatlığımız artdıqca daha çox aşiq olduğumuzu düşünürük. 

Münasibətlər inkişaf etdikcə və tərəflər bir-birini yaxşı tanımağa başladıqca oxşarlıq və yaxınlıq hissləri yaranmağa başlayır. Bu emosiyalar orqanizmin daha çox oksitosin və vazopressin hormonları ifraz etməsinə səbəb olur. Bu iki hormon sevgi münasibətinin uzunmüddətli və etibarlı bir romantik bağlılığa çevrilməsinə kömək edir. Yəni sevginiz bu anda ölür! Ancaq o, yerini etibarlı və sevgi dolu bir bağlılığa verir.

Mənbələr: CNN Türk, Pinterest 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et