Nərmin xanım özünüzü təqdim edin, zəhmət olmasa.
Mən Nərmin Abdullayeva, 20 yaşım var. 2006-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil almağa başlamışam. Bəstəkarlıq ixtisasına marağım olduğu üçün bu sahəyə gəldim. 2 il Bülbül adına orta ixtisas məktəbində bəstəkarlıq üzrə Ayaz Qəmbərlinin sinfində təhsil almışam. Hazırda Bakı Musiqi Akademiyasında 3-cü kursda bəstəkarlıq ixtisası üzrə Ceyhun Allahverdiyevin sinfində təhsil alıram.
Bu sahəyə həvəsiniz necə yaranıb, ailənizdən bu sahə ilə məşğul olan var idi?
Uşaq yaşlarından incəsənətin bir çox sahələrinə marağım var idi. Pianoya olan həvəsim isə bir başqa idi. Evimizdə piano ilə məşğul olan yoxdur, amma həmişə mənə mənəvi cəhətdən dəstək olublar. Musiqiyə bir qohumumun məsləhəti ilə gəlmişəm, sonradan bu sahəyə marağım daha da böyüdü.
Pianonun həyatınızdakı rolu nədən ibarətdir?
Necə ki, insanlar onları xoşbəxt hiss etdirən işlə məşğul olurlar, mən də piano ifa edəndə özümü xoşbəxt hiss edirəm. Hərdən düşünürəm ki, görəsən pianoda sevdiyim musiqiləri ifa edə bilməsəydim bu hissi nədən ala bilərdim?
Seçiminizdə sizə ailənizdən mane olan olub?
Anam həmişə həkim olmağımı istəyirdi. Amma bu sahəyə olan marağıma da hörmətlə yanaşıblar. Sadəcə çətin sahə olduğuna görə bu mövzuda çox düşünməmi istəmişdilər. Bu sahəyə olan sevgim məni ondan ayırmadı.
Nərmin xanım, pianoda ifa etmək üçün yaş məhdudiyyəti olur mu?
Məsələn, məşhur pianoçu Maykl Hayman musiqiyə gec yaşlarından başlayıb, amma o çox istedadlı olub. Sual verirlər ki, "Gələcəkdə istəyərdiniz ki, övladınız musiqiçi olsun?" Həmişə deyirəm ki, onun üçün xüsusi istedad olmalıdır. Təkcə sıradan musiqiçi olmaq üçün yox, yeni mərhələlər kəşf etmək üçün daima çalışmalısan. Əgər doğuşdan istedadlısansa, uğur qazanmaq asandır. Sonradan yaxşı musiqiçi olmaq üçün əzm, zəhmət labüddür.
Musiqi təhsilinizi davam etdirmək fikriniz var?
Bəli, amma fərqli ixtisas-drijorluq ixtisası üzrə təhsil almaq istəyirəm.
Sosial şəbəkələrdə ifalarınızı izləyicilərinizlə bölüşürsünüz. İzləyiciləriniz ifalarınızı necə qarşılayır?
İlk dəfə “Bella Ciao” musiqisini paylaşmışdım və xoş qarşılanmışdı. Çalışıram ki, çox müraciət olunmayan və fortepianoda ifası olmayan əsərləri ifa edim. Hazırda məndən ifa etdiyim musiqilərin notlarını istəyirlər, amma paylaşdığım musiqiləri notla deyil, eşidib ifa edirəm. Düşünürəm ki, gələcəkdə daha yararlı videolar bölüşüm, hansı ki, həm notu, həm də videolar olsun. İnsanlar ondan yararlana bilsinlər.
İzləyicilərinizin ən çox bəyəndiyi ifalarınız hansı olub?
Daha çox Emin Sabitoğlunun “Ala gözlüm” və Andrey Babayevin “Nazəndə sevgilim” əsərləri bəyənilmişdi.
Sizə görə yaxşı bəstəkar necə olmalıdır?
Yaxşı bəstəkar həm qəlbə, ruha toxunmağı bacarmalıdır, həm də düşündürücü olmalıdır.
Hazırki Azərbaycan musiqisini necə qiymətləndirisiniz?
Bizim Qara Qarayev, Niyazi, Tofiq Quluyev, Fikrət Əmirov kimi Azərbaycan musiqisinə böyük töhfə verən bəstəkarlarımız olub. Düşünürəm ki ,biz çox istedadlı xalqıq, sadəcə zaman-zaman tənbəl olmuşuq. Bəlkə də tənbəl olmasaydıq neçə xəzinənin qapısını açmışdıq.
Azərbaycandan kənarda konsert vermisiniz?
Bəli,2013-cü ildə məşhur pianoçu H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların Ümumşəhər festivalında diplomla təltif olunmuşam. 2014-cü ildə Gənc bəstəkarların XVII beynəlxalq " Звездный проект" müsabiqəsində I yerə, 2016-cı il Astana şəhərində keçirilən Gənc bəstəkarların III beynəlxalq " Таланты XXI века" müsabiqəsində I yerə, 2017-ci ildə Astraxan Dövlət konservatoriyasının nəzdində keçirilən bəstəkarların II beynəlxalq " Fructus Temporum " müsabiqəsində isə III yerə layiq görülmüşəm.
2019-cu ildə Moskvada keçirilən Elena Fabianovna Gnesinanın 145 illiyinə həsr olunmuş İfaçı və Bəstəkarların XIbeynəlxalq «Романтизм: истоки и горизонты» müsabiqəsində "bəstəkar-ifaçı" nominasiyasında iştirak edərək Rusiyanın xalq artistləri, P.İ.Çaykovski adına Moskva dövlət konservatoriyasının fortepiano və bəstəkarlıq kafedrasının professorları V.P.Ovçinnikov, V.V.Belyayev və T.A.Çudova tərəfindən I yerə layiq görülmüşəm.
Son olaraq gənc musiqiçilərə nə demək istəyərdiniz ?
Başqa sahələrdə olduğu kimi, bu sahə də davamlı çalışmaq tələb edir. Bunun üçün davamlı çalışmaq, əzmkar olmaq lazımdır. Məhz bunlar uğur əldə etməyin əsas prinsipləridir.