Bu gün:

"Fransa mənim ikinci evimdir"-Aysel Novruz ilə müsahibə


24media.az-ın bu dəfəki müsahibi ixtisasca fransız dili müəllimi olan Fransız Akademiyasının yaradıcısı Aysel Novruzdur. Aysel 10 il Fransada yaşayıb, orada təhsil alıb. Azərbaycana gəldikdən sonra isə “50 qəpiklik fransız dili kursu” kampaniyası ilə ətrafına fransız dili öyrənmək istəyən çoxlu tələbələr yığa bilib. Bu müsahibədə onunla Fransa haqqında düşüncələri və Fransa-Azərbaycan müqayisəsi və oxşarlıqları barədə danışacağıq.

10 ildən artıq Fransada yaşamısınız. Azərbaycandan, alışdığınız mühitdən uzaq olmaq sizin üçün çətin idi?

Yox, Azərbaycan mentalitetində, ənənəsində bir qızın gözü birinci kursa gedəndə açılır. Həyatı universitetə başlayanda tanıyır. Azərbaycanda oxuyanda ancaq evdən məktəbə, məktəbdən evə gedirdim. Çox mühafizəkar ailədə böyümüşəm. Bizi həyətə düşməyə belə icazə vermirdilər. Azərbaycanla aramda elə bir bağ yox idi. Mən həyatı sıfırdan Fransada öyrənmişəm deyə hər şey belə də olmalıymış kimi gəldi. 2003-cü ildə indiki qədər gəliş-gediş yox idi. Bizimlə təyyarədə Alim Qasımov, Vüsalə Abbasova kimi məşhurlar gedirdi. Ona görə də o vaxtlar çox fərqli ambians var idi. Düşəndə yeganə fərqli gələn şey oradakı maşınların Azərbaycanla müqayisədə çox lüks olması və qadın-kişi münasibəti idi. Orada qatara minəndə kişi pəncərə tərəfdə oturub başını qadının çiyninə qoymuşdu. Bizim alışdığımız isə bunun əksi idi.

Fransada yaşadığınız illəri necə xatırlayırsınız? Hansı ilkləri yaşamısınız orada? Gəlin biraz Fransada yaşadığınız ilklərdən danışaq. 

Mən Fransanı çox sevirəm. Sizə sual versəm ki, ilk məhəbbətinizi unutmusunuz? – Təbii ki, yox. Mən ilk məhəbbətimi orada yaşadım. Mənim ilk evim, ilk çaydanlığım, qadın olaraq ilk övladım, ilk universitetim, iş yerim orada olub. Həyatımda hər şeyin ilki Fransa olub. Bu gün Fransa mənim ikinci evimdir. Bunu fransızlar da, azərbaycanlılar da dəyişdirə bilməz. Bunu heç bir siyasi istiqamət silə bilməz. Bu, mənim qadın olaraq, insan olaraq şəxsi xatirələrimdir. Ona görə də mən Fransanı da, fransızları da sevirəm. Çünki, mən Azərbaycanda görmədiyim insani yardımı fransızlarda görmüşəm. Onlar mənə əvəzində heç bir şey gözləmədən yardım ediblər. Mən nəyinsə naminə, hansısa maraqların arxasında gizlənib bunu dana bilmərəm.

Fransanı ilk gördüyünüz an nə hiss etdiniz? Ora sizin xəyal etdiyiniz kimi idi? Çətinlik yaşadınızmı?

Şarl de Qoll” hava limanına düşəndə ilk dəfə orda don geyinən, saqqalını hörən kişilər gördüm. Biz bunları heç bir yerdə görmürdük. Hətta mənim valideynlərim bizə televizora da baxmağa qoymurdular ki, oxumalısınız. Biz hətta qohumlara da qonaq getmirdik. Yəni o dərəcə mühafizıkar ailəm var idi. Bu mühitdən “Şarl de Qoll”a düşmək biraz çətin idi. İkinci çətin tərəf isə mən ora tək getmişdim. Mən Parisdə düşüb başqa bir şəhərə getməli idim və çox həyəcanlı idim. Yeri tapa bilmirdim. Mədəniyyət şokundan əlavə həm də qorxu var idi ki, mən neyləyəcəm? Heç kim indiki kimi ingiliscə danışmırdı. Hava limanı olaraq ilk təəsüratım bu idi. Xoşuma gələn şey isə hər yerdən ətir qoxusu gəlirdi. İnsanlar həddindən artıq ətirdən istifadə edirdilər.

Fransada yaşadığınız üçün hər hansı bir peşmanlığınız olubmu?

Qətiyyən, əksinə mən yaxşı ki, ora getdim. Məni mən edən, mənə təsir edən ən böyük komponent Fransa idi.

Fransaya gedərkən fransız dilini bilirdiniz, yoxsa orada yaşadığınız müddət ərzində öyrəndiniz?

Xeyr, heç bir söz bilmirdim. Hava limanında iki saat ağlaya-ağlaya fırlanmışdım. Çıxış qapısını tapa bilmirdim. Hansı qapıya yaxınlaşırdım polis mənə deyirdi ki, yox yox. Fransızca nəsə deyirdi, amma mən başa düşmürdüm. İki saatın axrında kafedəki qıvırcıq saçlı bir qadın salfet və qələm götürüb mənə yazdı ki, “Exit=Sortie”. Yəni deyirdi ki, bu sözü görəndə çıx. Mənim fransız dilində öyrəndiyim ilk söz də bu oldu.

Təhsil almaq üçün niyə Fransanı seçdiniz? 

Əslində, bu, sonradan fikirləşilmiş bir şey deyildi. Mən birinci sinifə getməmişdən əvvəl məktub yazmışdım. Bu məktubda yazmışdım ki, sabah mənim 18 yaşım tamam olur və mən Fransaya gedirəm. Hətta uşaqlıqdan mənə “madmuazel” deyirdilər. Bu, məndə uşaqlıqdan gələn bir şey idi. Orta məktəbi bitirdikdən sonra da belə olmalıymış kimi Fransaya getdim.

Fransa təhsili ilə Azərbaycan təhsilini müqayisə etsək nə kimi fərqliliklər görə bilərik?

Biri əlifbanın ilk onuncu sırasındadır, biri əlifbanın sonuncu beş hərfi sırasındadır. Ciddi şəkildə fərq var. Mən düşünürəm ki, birinci fərq öyrənmə mentalitetimizdir. Bu mentalitet sizdə, məndə, övladlarımızda, müəllimlərdə, valideynlərdə də dəyişməlidir. Sabirin bir sözü var: “Biz evlənmək istəyən qızları oxuduruq, oxumaq istəyən qızları evləndiririk”. Oxumaq hər kəsin haqqıdır. Amma hər kəsin məcburiyyəti deyil. Hara qədər oxumaq da seçim olmalıdır. Azərbaycanda oxumaq prestij göstəricisidir. Təhsil prestij göstəricisi olmamalıdır. Azərbaycanda təhsillə bağlı dəyişməli olan çox şey var.


Azərbaycanda məktəblərdə ingilis dili geniş yayılıb. Amma fransız dili belə deyil. Məktəblərdə fransız dilində təhsil nə qədər artırılmalıdır? Dərsliklərin sayı haqqında nə düşünürsünüz?

İndi yavaş-yavaş fransız dili tədrisi, fransız dilinə olaq maraq, həqiqətən, artmağa başlayıb. Çünki valideynlər görürlər ki, ingilis dilində hamı danışır. Biri digərindən fərqlənmək üçün Azərbaycan və ingilis dilindən başqa üçüncü dili bilməlidir. Bu üçüncü dil isə alman, ispan və fransız dilidir. Dərsliklərə gəldikdə isə hər müəllim öz metodu ilə keçir. Mən özüm də orta məktəbdə dərs dediyim müddətdə proqramı özümüz qururduq. Çünki bu proqramı quracaq mütəxəssis azdır. Heç müraciət etmirlər ki, gəlin fransız dili proqramı quraq. Elə bir tələb də yoxdur. Hər müəllim özünə uyğun şəkildə proqramlaşdırır.

Fransada yaşamaq və orada təhsil almaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

Fransada Azərbaycandan fərqli olaraq heç nə universitetə qəbul olmaqla bitmir. Azərbaycanda universitetə qəbul olmaqla bitirsə, Fransada universitetə qəbul olmaqla başlayır. Bilsinlər ki, qəbul oldu deyə bitəcək bir şey yoxdu. İkincisi, fakültələrinə uyğun ölkə seçsinlər. Fransada oxumaq istəyirəm, amma orada həkimlik oxuyacam deyirlərsə, özlərini boşuna yoracaqlar. Fransada həkimlik daha çətindi. Amma kimsə deyəcəksə, mən Fransaya aşiqəm, orada oxumalıyam, nəzərə alsınlar ki, asan olmayacaq. Azərbaycanda gördükləri şərait orada olmayacaq.

Bir çoxumuz sizi 50 qəpiklik fransız dili kursundan tanıyırıq. Bəs bu ideya necə yarandı? Bu kurs üçün qeydiyyatdan keçən tələbələr oldu?

Mən o vaxtı marketinq təhsili almamışdım, amma öz şirkətimin bütün marketinq PR-nı özüm edirdim. 50 qəpiklik fransız dilini mən hardansa oxumamışdım. Sadəcə özüm fikirləşdim ki, bu, yaxşı iş olacaq. Heç vaxt unutmadığım bir cümlə var ki, mən eskalatordan çıxanda bir qız digərinə demişdi ki, “Eşitmisən 50 qəpiyə fransız dili kursu var?”. Bu kurs sayəsində hamı Bakı Fransız Akademiyası haqqında eşitdi. Tələbələrin sayı artdı, amma 50 qəpiyə heç kəs yazılmadı. Hamı normal məbləğ neçə idisə, elə həmin məbləğə də yazıldı.


Bu kursdan sonra sizin səs-küy doğuran bir elanınız olmadı. Səbəbi nə idi? Daha maraqlı elan sizin ağlınıza gəlmədi? 

Axtarmıram. Keçən səfər bir dostumla danışanda dedim ki, bəlkə, mən qayıdım yenidən paylaşım edim. Amma indi biraz başqa formatda düşünürəm. Daha çox video, öyrədici bir şeylər düşünürəm. Həmin kursdan sonra mənim tələbələrim çox oldu. Sonra Azərbaycandan başqa ölkəyə köçdüm. 2 il burada yaşamadım. Həmin o boşluqda sosial şəbəkələrdə olmadığıma görə bu boşluğu hamı qaçırdı. Geri dönəndə bir az psixoloji olaraq məndə sosial şəbəkələrə qarşı problemlər yarandı. Publikanın mədəniyyətsizliyini tolerant şəkildə qarşılaya bilmədim.

Fransız dilini öyrənmək üçün sizə müraciət edən tələbələr nə qədərdir? Onlar nə qədər müddət ərzində fransız dilini öyrənirlər? Onlardan nə qədəri Azərbaycanlıdır? Keçən illərə nisbətən tələbələrin sayında artım olub mu?

İndi daha çox xaricdəki tələbələrə onlayn dərs verirəm. Azərbaycanda da universitet tələbələrinə dərs demirəm. Çünki, mənə məqsədi dəqiq olmayan, hədəfi olmayan, hədəfi üçün hər şeyə dözə bilməyən tələbə maraqlı deyil. Mən biznes insanı olaraq fransız dili dərsi demirəm. Fransız dili dərsi mənim üçün təhsildir. Təhsillə zarafat olmaz. Azərbaycanda mənə qarşı müraciət çox deyil. Çünki, mən qiyməti başqa kurslara görə yuxarı qoyuram. Biz isə iki il əlli manatlıq kursu üstün tuturuq, nəinki altı ay iki yüz manatlıq kurs. Halhazırda Azərbaycandan cəmi iki tələbəm var.

Sizin yanınıza gələn tələbələrdən Fransaya getmək üçün dil öyrənənlərlə yanaşı təhsili ilə maraqlananlar nə qədərdir?

Təhsil almaq üçün də olur. Mənim üçün iş estetika olduğu üçün sadəcə qrammatikanı öyrədib imtahana göndərməklə kifayətlənmirəm. Mənim üçün maraqlı olan onların həm də fransız mədəniyyətini öyrənməkləridir. Mənim dərs keçdiyim tələbə on aydan sonra gedib imtahana girə  bilər.

Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et