Bu gün:

Gian Lorenzo Bernini-Müqəddəs Lonqin


"İncəsənətin inciləri" rubrikası bu gün Gian Lorenzo Bernininin "Müqəddəs Lonqin" əsərini təqdim edir.

1545-ci ildən keçirilməyə başlanılan Trident kilsə məclisi ümumilikdə XVI-XVII əsrlərin dini incəsənətinə ciddi təsir etmişdir. Protestant Reformasiyasına qarşı əsasən katolik doktrinasını təsdiq edən Trident kilsə məclisi dini sənət əsərlərində hansı detallara diqqət yetirilməli olduğunu qeyd edirdi. Bildirilirdi ki, əsərlər rəbb və müqəddəslər də daxil olmaqla katolik doktrinasının əsas aspektlərini əks etdirməlidir. Həmin dövrdə yaradılmış sənət əsərləri aydın, dəqiq, ədəbli və emosional əlçatanlığa malik olmalı idilər. İstənilən dini sənət nümunəsinin, o cümlədəm Müqəddəs Lonqin heykəlinin hazırlanmasında bu tələblərə diqqət yetirilirdi. Lonqin, çarmıxa çəkilmə zamanı İsanın yanını nizə ilə deşmiş kor Roma əsgəri olmuşdur. Bu hadisədən sonra İsanın Tanrının oğlu olmasına inanan Lonqin xristianlığı qəbul etmişdir. Xristianlığı qəbul etmiş Lonqinin gözləri açılmış, o, yalnız ruhi deyil, həm də fiziki oyanma hiss etmişdir. Bernini Lonqinin dini oyanma anını təsvir etmişdir. Dini oyanmanı təsvir etmək üçün o, səmaya baxarkən və qismən açılmış ağızla göstərilmişdir. Hərbi ləvazimatları və İsanın bədəninə sancılmış müqəddəs nizənin əsərdə təsvir edilməsi onun Roma hərbiçisi kimi keçmişini göstərir. Qollarını açmış Lonqin ilahi işığı qəbul edir. Praktikada həmin ilahi işıq Müqəddəs Pyotr bazilikasının pəncərəsindən keçərək heykəlin üstünə düşür. 

1638-ci ildə tamamlanmış mərmər heykəl Vatikandakı Müqəddəs Pyotr bazilikasının şimal-şərq nişində yerləşir.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.webtekno.com/haber/amp/125842

Paylaş
Şərh əlavə et