Bu gün:

Heyvanları ictimai nəqliyyata mindirmək olarmı?


24media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki müsahibi hüquqşünas Leyla Bədəlovadır. Leyla Bədəlova Azərbaycanda heyvanların nəqliyyata mindirilməsinin qanunla tənzimlənməsi haqqında danışıb.

-Azərbaycanda ictimai nəqliyyata heyvanları mindirmək qanunla necə tənzimlənir?

“Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3.1.3-cü maddəsinə əsasən heyvan sahibinin ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq hüququ var. Lakin insanların sağlamlığının qorunması məqsədi ilə itlər ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmalıdır. Həmin Qərarın 4.4.4-cü maddəsinə əsasən baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağandır. Qadağan olunan məsələlər olmadığı təqdirdə heyvan sahibi heyvanı ictimai nəqliyyatda apara bilər. Göstərilən qadağanın heyvan sahibi tərəfindən pozulması da qanunla məsuliyyətə səbəb olur. Belə ki, AR İXM-in 290.1-ci maddəsinə əsasən ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən göstərilən maddə ilə bağlı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə üç yüz manat məbləğində cərimə, 290.3-cü maddəsinə əsasən isə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə isə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et