Bu gün:

MDU-da “Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib


Noyabrın 27-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə “Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən tələbələr, akademik heyət nümayəndələri, sənaye və biznes sektorunun təmsilçiləri iştirak ediblər.

24media.az xəbər verir ki, forumun əsas məqsədi tələbələrin elmi-tədqiqat və innovasiya potensialını üzə çıxarmaq, gənc tədqiqatçıların təşəbbüslərini dəstəkləmək, eləcə də universitet-sənaye əməkdaşlığını genişləndirmək olub. Tədbirin açılışında MDU-nun rektoru Anar Eminov ali təhsildə tədqiqat və innovasiya fəaliyyətinin əhəmiyyətindən danışaraq tələbələrin praktiki layihələrə cəlb olunmasının vacibliyini vurğulayıb.

Forum çərçivəsində MDU ilə “HTech Invest” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Proqramda sənaye və biznes nümayəndələri ilə görüşlər, innovativ ideyaların biznes layihələrinə çevrilməsi, süni intellektin təhsilə təsiri, kibertəhlükəsizlik və rəqəmsal etika mövzularında sessiyalar, eləcə də elmi panellər təşkil olunub.

Tədbirin “Innovation Challenge” – “Tələbə ideyalar marafonu”nda müxtəlif universitetləri təmsil edən 35 komandadan 135 tələbə iştirak edib. Gənclər innovativ layihələrini ekspertlərə təqdim edib, ideyaların praktiki tətbiqi və inkişaf imkanları müzakirə olunub.

Forumun sonunda qalib komandalar mükafatlandırılıb. Təşkilatçılar və iştirakçılar tədbirin tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, innovativ ideyaların təşviqi və universitetlər arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et