Bu gün:

Yarımçıq qalan işlər beyni niyə yorur? Mütəxəssislər zehni yorğunluğu azaltmağın 5 yolunu açıqlayıb


İnsanların tamamlanmamış işlər haqqında davamlı düşünməsi zehni yorğunluğa, stressə və yuxu problemlərinə səbəb ola bilər. Psixoloqlar bu vəziyyətin öhdəsindən gəlmək üçün gündəlik vərdişlərdə bir sıra dəyişikliklər etməyi tövsiyə edirlər.

Foto: Getty Images 

24media.az BBC Future nəşrinə istinadən xəbər verir ki, psixologiyada bu hadisə “Zeyqarnik effekti” (Zeigarnik effect) adlanır. 1927-ci ildə rusiyalı psixoloq Bluma Zeyqarnik apardığı araşdırmada insanların yarımçıq saxladıqları işləri tamamladıqları işlərdən daha yaxşı xatırladıqlarını müəyyən edib.

Mütəxəssislərin fikrincə, tamamlanmamış tapşırıqlar insan beynində aktiv qalaraq diqqətin bölünməsinə və stressin artmasına səbəb ola bilər. Bonn-Rayn-Ziq Tətbiqi Elmlər Universitetinin psixologiya professoru Kristine Sirek (Christine Syrek) bildirir ki, insanlar gördükləri işləri tamamlamağa və nəticə əldə etməyə psixoloji ehtiyac duyurlar. Onun sözlərinə görə, yarımçıq qalan tapşırıqların yaratdığı zehni gərginlik həftənin sonunda stress və yuxu pozuntuları ilə əlaqələndirilə bilər.

Məqalədə zehni yorğunluğu azaltmaq üçün beş əsas üsul göstərilir:

1. Vaxt əsaslı məqsədlər müəyyənləşdirmək

Bütün tapşırıqları dərhal tamamlamaq mümkün olmadıqda, onların yerinə yetirilməsi üçün konkret plan hazırlamaq tövsiyə olunur. Gün ərzində görüləcək işləri prioritetləşdirmək və mümkün maneələri əvvəlcədən nəzərə almaq insanın özünü daha nəzarətli hiss etməsinə kömək edə bilər. Tapşırıqları yazılı şəkildə qeyd etmək də onların unudulacağı ilə bağlı narahatlığı azaldır.

2. Bildirişləri söndürmək

İş saatlarından sonra elektron poçtları və işlə bağlı mesajları davamlı yoxlamaq insanın istirahətinə mane ola bilər. Britaniya Kolumbiyası Universitetinin koqnitiv elmlər üzrə dosenti Coan Onqçoko (Joan Ongchoco) bildirir ki, insanlar hətta asudə vaxtlarında belə işlə bağlı problemləri düşünməyə davam edə bilərlər. Buna görə də elektron poçtları müəyyən edilmiş saatlarda yoxlamaq və iş bildirişlərini söndürmək tövsiyə olunur.

3. Eyni vaxtda bir neçə layihə üzərində işləməkdən çəkinmək

Bir tapşırıqdan digərinə tez-tez keçmək beynin informasiya yükünü artırır. Mütəxəssislər mümkün olduqda bir işi tamamladıqdan sonra digərinə başlamağı məsləhət görürlər. Bu yanaşma diqqətin qorunmasına və iş yaddaşının yüklənməsinin azalmasına kömək edir.

4. Tətil günlərindən əvvəl işləri planlaşdırmaq

Araşdırmalara görə, tətilə daha az yarımçıq işlə gedən insanların istirahətdən sonra özlərini daha yaxşı hiss etmə ehtimalı yüksəkdir. Lakin bu, tətilə qədər bütün tapşırıqların mütləq tamamlanmalı olduğu demək deyil. Əsas məqsəd işləri elə planlaşdırmaqdır ki, insan istirahət zamanı onları düşünmək məcburiyyətində qalmasın və geri qayıtdıqda işə haradan davam edəcəyini bilsin.

5. İş və istirahət arasında keçid yaratmaq

Qroningen Universitetinin təşkilati psixologiya üzrə dosenti Oliver Vaygelt (Oliver Weigelt) işdən sonra zehni olaraq uzaqlaşmaq üçün keçid rituallarının yaradılmasını tövsiyə edir. Məsələn, iş yerini dəyişmək, qısa gəzintiyə çıxmaq və ya kompüteri başqa otağa aparmaq iş və şəxsi həyat arasında psixoloji məsafə yaratmağa kömək edə bilər.

Məqalədə həmçinin “Ovsiankina effekti”nə də toxunulur. Bu anlayış insanların yarımçıq qalmış işlərinə qayıtmağa meyilli olduğunu və onları tamamlamaq ehtiyacı hiss etdiyini ifadə edir.

Müəllifin gəldiyi nəticəyə görə, yarımçıq işlər hər zaman mənfi təsir göstərmir. Onlar insanı fəaliyyətə davam etməyə də həvəsləndirə bilər. Əsas məsələ bu vəziyyətin nə zaman motivasiyadan stress mənbəyinə çevrildiyini müəyyənləşdirməkdir.


Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et