Azərbaycanda idxal olunan malların təhlükəsizliyinə nəzarət üçün yeni elektron sistem yaradılıb.
24media.az ANEWZ-a istinadən xəbər verir ki, Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi uyğunluq sertifikatları və bəyannamələrin reyestrini Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sisteminə inteqrasiya edib.
Bu barədə Bakıda keçirilən “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda tədbirdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quliyev məlumat verib.
Onun sözlərinə görə, Agentliyin e.kefiyyet.gov.az elektron informasiya sistemində uyğunluq sertifikatlarının və bəyannamələrin reyestri mövcuddur. Bu reyestr vasitəsilə ölkəyə idxal olunan malların tələb olunan sertifikat və sənədlərə malik olub-olmadığı yoxlanılır.
Yeni inteqrasiya nəticəsində idxal olunan mallar haqqında məlumatlar Dövlət Gömrük Komitəsinin sistemindən avtomatik olaraq Agentliyin informasiya sisteminə ötürülür. Əvvəllər sənədlərlə və kağız daşıyıcılarla həyata keçirilən bu proses artıq elektron qaydada aparılır.
E.Quluyev bildirib ki, sistem idxal olunan məhsulun uyğunluq sertifikatının və ya bəyannaməsinin olub-olmadığını avtomatik müəyyən edir. Əgər məhsulun tələb olunan sənədləri varsa, onun ölkəyə daxil olmasına icazə verilir. Əks halda, həmin məhsul sərhəddən buraxılmır.
O qeyd edib ki, bu proses mallar ölkəyə daxil olmamışdan əvvəl həyata keçirilir. Dövlət Gömrük Komitəsi ilə Agentliyin sistemləri arasında məlumat mübadiləsi avtomatik aparıldığı üçün əlavə insan müdaxiləsinə və qərar qəbul edilməsinə ehtiyac qalmır.
Şöbə müdiri çıxışı zamanı bazarlarda istehlak mallarının təhlükəsizliyinə nəzarət məsələsinə də toxunub. O bildirib ki, bazarlarda hər hansı qanun pozuntusu aşkar edən şəxslər bu barədə Agentliyə məlumat verə bilərlər. Agentlik daxil olan məlumatlar əsasında həmin pozuntuları araşdıracaq və müəyyən edəcək.
Qeyd edək ki, yeni elektron sistemin əsas məqsədi ölkəyə təhlükəli və müvafiq standartlara cavab verməyən məhsulların idxalının qarşısını almaq, istehlakçıların hüquqlarını qorumaq və gömrük nəzarətini daha effektiv təşkil etməkdir.
Şehrin Musayeva
