Mingəçevir Dövlət Universitetinin üç tələbəsi “Türk-Forum 2026” beynəlxalq müsabiqəsinin mühəndislik kateqoriyası üzrə seçim mərhələsini uğurla keçərək final mərhələsinə vəsiqə qazanıb.
24media.az xəbər verir ki, Riyaziyyat və informasiya texnologiyaları fakültəsinin tələbələri Əhəd İslamzadə, Bəyaz Bayramov və Səbinə Həsənova müsabiqədə “TransChain & Smart Logistics: Türk Dünyası ve İpek OSB Odaklı Blockchain ve AI Destekli B2B Lojistik ve Ticaret Entegrasyon Platformu” adlı layihə ilə iştirak edirlər.
Layihə blokçeyn və süni intellekt texnologiyalarından istifadə etməklə logistika və ticarət əməliyyatlarının vahid rəqəmsal platformada birləşdirilməsini, məlumat mübadiləsinin təhlükəsizliyinin və şəffaflığının artırılmasını hədəfləyir. Təşəbbüsün Türk dünyasında iqtisadi və texnoloji əməkdaşlığın inkişafına töhfə verməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin mentoru universitetin İnformasiya texnologiyaları kafedrasının müəllimi Nurlana Qasımova, elmi rəhbəri isə texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayevadır.
Həvva Cəbrayılova
