Bu gün:

Kolumbiyada supermarketdə girov saxlanılan bütün şəxslər xilas edilib


Kolumbiyanın təhlükəsizlik qüvvələri çərşənbə günü səhər saatlarında Kartagena şəhərində yerləşən Éxito supermarketində girov saxlanılan bütün şəxsləri xilas edərək, təxminən bir gün davam edən girov böhranına son qoyublar. Hadisə çərşənbə axşamı səhər saatlarında bir qrup silahlı şəxsin ticarət mərkəzindən nağd pul daşıyan zirehli avtomobili qarət etməyə cəhd göstərməsi ilə başlayıb. Cəhdləri uğursuz olduqdan sonra şübhəlilər supermarketə daxil olaraq, müştərilər və mağaza əməkdaşları da daxil olmaqla, təxminən 30 nəfəri girov götürüblər.

24media.az Reuters-ə istinadən xəbər verir ki, polis və hərbi qüvvələr binanı mühasirəyə alaraq girovların azad edilməsi üçün əməliyyata başlayıblar. Danışıqlar nəticəsində girovlardan 10 nəfər daha əvvəl azad edilib. Son xilasetmə əməliyyatı zamanı təslim olmaqdan imtina edən girov götürənlərdən biri öldürülüb, bir neçə nəfər isə həbs edilib.

Kolumbiya Prezidenti Abelardo de la Espriella milli polis və hərbi qüvvələrin birgə əməliyyatı nəticəsində bütün girovların xilas edildiyini təsdiqləyib. Hadisə Kartagena şəhərinin hava limanının fəaliyyətinə də müvəqqəti təsir göstərib. Lakin bir müddət sonra uçuşlar tədricən bərpa olunub.

Bu böhran Kolumbiyada təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir dövrdə baş verib. Ölkədə fəaliyyət göstərən cinayətkar qruplaşmalar və silahlı təşkilatlar ictimai təhlükəsizlik üçün ciddi problemlər yaratmağa davam edir.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et