ABŞ-də Şükranlıq bayramı ərəfəsində əlverişsiz hava şəraiti hava nəqliyyatında ciddi problemlərə səbəb olub. Yüzlərlə aviareys ləğv edilib, mindən çox reysdə isə gecikmə qeydə alınıb.

24media.az BBC-yə istinadən xəbər verir ki, cümə axşamı ABŞ-də təxminən 400 reys ləğv edilib, daha 1 200 reys isə gecikib. Məlumatı FlightAware uçuşların izlənməsi platforması yayıb.
Milli Hava Xidmətinin proqnozuna görə, ölkənin şərq və qərb sahillərində güclü yağış, külək və daşqın təhlükəsi gözlənilir.
Nyu-Cersidə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Nyu-Yorkda ənənəvi Macy's Şükranlıq paradı isə şənbə gününə təxirə salınıb.
Bundan əlavə, Mayami Beynəlxalq Hava Limanında FedEx şirkətinə məxsus yük təyyarəsinin eniş zamanı uçuş-enmə zolağından çıxması səbəbindən uçuşlarda gecikmələr yaranıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. FAA insidentlə bağlı araşdırma aparır.
Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, Şükranlıq bayramı münasibətilə 81,5 milyon amerikalının səfərə çıxacağı gözlənilir.
Zəhra Məlikova
