Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə axşamı Rusiyada keçirilən əsas süni intellekt konfransında ölkəsinin bu sahədəki hədəflərindən danışıb. O, Rusiya Prezidenti Vladimir Putinə bildirib ki, “Sberbank” və “Yandex” kimi Rusiya şirkətləri Qazaxıstan bazarında məmnuniyyətlə qarşılanır.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Tokayevin Moskvaya səfəri Qazaxıstanın paytaxtı Astanada “Nvidia” şirkətinin baş direktoru Jensen Huang ilə görüşündən bir ay sonraya təsadüf edib. Həmin görüşdə Qazaxıstanın iri maliyyə şirkətlərindən biri olan “Freedom Holding” “Nvidia”nın B300 çiplərindən böyük həcmdə sifariş verdiyini açıqlayıb.
Rusiyanın superkompüterləri “Nvidia” çiplərinin köhnə versiyaları əsasında qurulub. Ölkə hazırda süni intellekt sahəsini inkişaf etdirməkdə və bu sahədə lider olan ABŞ və Çinə çatmaqda çətinlik çəkir. Buna səbəb Ukraynadakı müharibə ilə əlaqədar ABŞ-ın tətbiq etdiyi sanksiyalardır. Bu sanksiyalar süni intellekt modellərinin öyrədilməsi üçün lazım olan ABŞ istehsalı çiplərin Rusiyaya idxalını məhdudlaşdırıb.
Bir çox Rusiya şirkəti Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərir. Onlar bu ölkələrin Qərblə əlaqələrindən, eləcə də Çinlə coğrafi yaxınlığından və işgüzar münasibətlərindən yararlanırlar. Rusiya ilə Qazaxıstan arasında süni intellekt sahəsində əməkdaşlığın genişlənməsi və Qazaxıstanda Rusiya şirkətlərinin iştirakının artması bu tendensiyanı daha da gücləndirə bilər.
Tokayev Moskvada keçirilən “Sberbank”ın “AI Journey” konfransı ərəfəsində Putinə müraciət edərək deyib: “Rusiya şirkətlərinin bazarımızda irəliləyişini görməkdən məmnunuq və onlar bizim hərtərəfli dəstəyimizə arxalana bilərlər”.
Aygül Alıyeva
