Hollandiyanın istehlakçı və rəqəmsal hüquqlarını müdafiə edən qrupları cümə axşamı məhkəməyə müraciət edərək Meta-nın süni intellektlə işləyən ağıllı eynəklərinin ölkədə satışının dayandırılmasını tələb ediblər.

24media.az Reuters-ə istinadən xəbər verir ki, iddianın əhatə dairəsi Hollandiya ilə məhdudlaşsa da, Amsterdam Rayon Məhkəməsinin verəcəyi qərar dünyada artan ictimai narazılıq, bəzi yerlərdə tətbiq edilən qadağalar və tənzimləyici qurumların xəbərdarlıqları fonunda presedent yarada bilər.
Qərarın ən geci dekabrın 24-dək veriləcəyi gözlənilir.
Onlayn cinsi istismara qarşı mübarizə aparan Hollandiyanın əsas istehlakçı birliyi Consumentenbond və Offlimits də daxil olmaqla, hüquq müdafiə qrupları Meta və Ray-Ban brendinin sahibi EssilorLuxottica tərəfindən hazırlanan eynəklərin məxfilik qanunlarını pozduğunu iddia edirlər. Onların fikrincə, bu eynəklər insanları ictimai yerlərdə daim izlənilmə narahatlığı ilə üz-üzə qoyur və cəmiyyətə mənfi təsir göstərir.
İddiaçılar Meta-dan eynəklərin insanların xəbəri olmadan çəkiliş aparmaq üçün istifadəsinin qarşısını almağı, səs yazılarından süni intellekt modellərinin öyrədilməsi məqsədilə istifadəni dayandırmağı və bu tələblər yerinə yetirilənədək eynəklərin satışını dayandırmağı tələb edirlər. Onlar qaydaların pozulmasına görə hər bir cavabdeh üçün gündəlik 100 min avro (109 600 dollar) cərimə tətbiq edilməsini istəyirlər.
Aygül Alıyeva
