BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozuna görə, qlobal iqtisadi artım 2026-cı ildə 2,6 faiz təşkil edə bilər. Bu göstərici 2025-ci ildəki 2,9 faizdən aşağıdır.

24media.az Reuters-a istinadən xəbər verir ki, hesabata əsasən, artımın zəifləməsinə Yaxın Şərqdə davam edən böhran, enerji qiymətlərinin yüksəlməsi, geosiyasi gərginlik və bazarlardakı qeyri-müəyyənlik təsir edir. Enerji qiymətlərinin artması istehsal və nəqliyyat xərclərini yüksəldə, inflyasiyanı gücləndirə və istehlakçıların xərclərini azalda bilər.
UNCTAD 2026-cı ildə mal və xidmətlərin qlobal ticarətinin sabit qiymətlərlə təxminən 4 faiz artacağını proqnozlaşdırır. Lakin bu artımın əsas səbəbi iqtisadi fəallığın güclənməsi deyil, enerji qiymətlərinin yüksəlməsi ola bilər.
Enerji idxalından asılı olan ölkələr qiymət artımından daha çox təsirlənə bilər. Bu, inflyasiyanın yüksəlməsinə və əhalinin alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər.
Ümumilikdə, UNCTAD qlobal iqtisadiyyatın 2026-cı ildə zəif artım və yüksək qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərəcəyini bildirir.
Emiliya Vəlicanova
