Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo çərşənbə günü futbolun ən böyük rəqabətlərindən birini kənara qoyaraq, Lionel Messiyə hörmətini ifadə edib. Buna səbəb argentinalı futbolçunun emosional şəkildə beynəlxalq karyerasını başa vurduqdan sonra ölkəsini təmsil etmək üçün artıq darıxdığını deməsi olub.

Argentina millisinin futbolçusu Lionel Messi son beynəlxalq oyunundan sonra azarkeşlərlə söhbət edir
24media.az Reuters-ə istinadən xəbər verir ki, 39 yaşlı Messi çərşənbə axşamı Argentina millisinin göy-ağ forması ilə son möhtəşəm oyunlarından birini keçirib. O, Buenos-Ayresdəki Monumental stadionunda 85 mindən çox azarkeşin qarşısında Beninlə keçirilən yoldaşlıq oyununda bir qol vurub və iki qolun ötürməsini verib. Argentina 3:0 hesabı ilə qalib gəlib. Messinin vida oyunu onun 21 illik möhtəşəm beynəlxalq karyerasının təntənəsinə çevrilib.
“Dünən mənim son oyunum idi və artıq göy-ağ formanı geyinmək üçün darıxıram. Düzgün qərar verdiyimi bilirəm”, – Messi İnstaqramda paylaşdığı geniş açıqlamada yazıb.
“Bu, sevinclə yanaşı, bir qədər kədərlə də dolu inanılmaz bir səyahət olub. Amma əminəm ki, atdığım hər addım buna dəyərdi...
Ölkəmizi layiq olduğu yerə yüksəldən Dieqo Maradonanı da unutmaq istəmirəm. Həmişə dediyim kimi, onun həm bizimlə birlikdə olaraq, həm də göylərdən bizə dəstək verməklə atdığımız hər addımda kömək etdiyinə inanıram”.
Messi əlavə edib: “Oynadığım klublara da təşəkkür edirəm. Onlar həmişə hisslərimə hörmətlə yanaşıb və milli komandanın formasını geyinmək vaxtı çatanda ölkəmə xidmət etməyimə imkan veriblər”.
Messi Argentina millisinin kapitanı kimi 2022-ci ildə dünya çempionu olub, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. O, 2022-ci ildə keçirilən Finalissima turnirində də komandasının qələbəsinə töhfə verib.
“Bunun üçün minnətdaram. Hamınızı çox sevirəm. Sizin üçün darıxacağam və həmişə yanımızda, xüsusilə də mənim yanımda olduğunuz üçün sizə təşəkkür edəcəyəm”, – deyə “İnter Mayami”nin hücumameyilli yarımmüdafiəçisi əlavə edib.
Messi və Ronaldo parlaq karyeraları boyunca öz nəsillərinin ən yaxşı futbolçusu hesab olunmaq uğrunda mübarizə aparıblar. Messinin paylaşımına münasibət bildirənlər arasında 41 yaşlı portuqaliyalı hücumçu Ronaldo da olub.
Ronaldo yazıb: “Leo, uzun illər ölkəni təmsil etdikdən sonra tarix yazmısan və bu tarix əbədi yaşayacaq. Argentina ilə qazandıqlarına böyük hörmətlə yanaşıram. Səni qucaqlayıram”.
Bu arada, Ronaldo Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla mübahisə yaşayır. Bu vəziyyət onun milli komandanın təlim-məşq toplanışını qəfil tərk etməsindən sonra yaranıb.
Nazim Xeyirxəbərli
