Türkiyə qadın voleybolunun aparıcı klublarından olan "VaqıfBank" yeni mövsümə titul ilə başlayıb. Antalyada keçirilən "AXA Sigorta" Çempionlar Kuboku matçında "Eczacıbaşı Peron İstanbul" komandası ilə qarşılaşan sarı-qara pilləli klub 3:2 hesabı ilə gərgin və həyəcanlı qələbə qazanaraq kubokun sahibi olub.
"VaqıfBank" qadın voleybol komandasının üzvləri, texniki heyət və klub rəhbərliyi Antalyada keçirilən Çempionlar Kuboku matçından sonra podiumda 6-cı çempionluq kubokunu və medalı təntənəli şəkildə qeyd edərkən.
Bu barədə məlumat "VaqıfBank" idman klubunun rəsmi internet səhifəsində dərc olunub. Görüşün gedişində ilk iki seti 25:21 və 25:23 hesabları ilə qazanan "VaqıfBank" üstünlüyü ələ alsa da, rəqib komanda növbəti iki seti (25:19, 25:17) öz xeyrinə bitirərək hesabı bərabərləşdirib. Tay-brek setində 15:10 hesabı ilə üstün gələn sarı-qaralar ümumi hesabla 3:2 qalib gələrək 6-cı dəfə bu turnirin çempionu olublar.
Gərgin keçən qarşılaşmadan sonra klub rəhbərliyi və komanda üzvləri qələbə təəssüratlarını bölüşüblər:
- Klub prezidenti Osman Arslan bildirib ki, bu kubok yeni mövsümdəki çətin mübarizə yolunun ilk addımıdır. Keçən mövsümü üç titulla başa vurduqlarını xatırladan klub rəhbəri bu il mübarizə aparacaqları 5 kubokun beşini də qazanmağı hədəflədiklərini vurğulayıb.
- Baş məşqçi Covanni Quidetti komandanın fiziki baxımdan hələ tam formaya düşmədiyini və zədə problemləri ilə qarşılaşdıqlarını qeyd etsə də, oyunçuların xarakter göstərərək sonadək mübarizə aparmasını yüksək qiymətləndirib.
- Komandanın kapitanı və matçın ən dəyərli oyunçusu (MVP) Zehra Günəş mövsümə titulla başlamağın böyük motivasiya olduğunu və bu uğurun davamlı olmasını arzuladığını bildirib.
- Tijana Boşkoviç və matçın 29 xalla ən məhsuldar oyunçusu olan Marina Markova isə görüşün asan keçmədiyini, lakin kritik anlarda birgə mübarizə sayəsində qələbəni təmin etdiklərini vurğulayıblar.
Bu qələbə ilə 40 illik tarixində 44-cü çempionluğunu bayram edən "VaqıfBank", Çempionlar Kubokundakı titullarının sayını 6-ya çatdıraraq turnir rekordunu da bərpa edib.
Beynəlxalq arenada böyük təcrübəyə və zəngin heyətə malik klubların mövsümün başında bu cür gərgin oyun nümayiş etdirməsi Türkiyə qadın voleybolunun yüksək rəqabət səviyyəsini bir daha sübut edir. Mövsümün ilk matçındakı əzmkar oyun həm "VaqıfBank"ın çempionluq iddialarını qoruduğunu, həm də qarşıdakı Sultanlar Liqası və avrokubok matçlarının olduqca maraqlı keçəcəyini göstərir.
Fatimə Salmanlı
