Bu gün:

Tramp Fort-Hudda 13 nəfəri öldürən Nidal Həsənin güllələnərək edamını təsdiqləyib


Tramp Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən Nidal Həsənin edamını təsdiqləyib

24media.az ANEWZ-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 nəfərin ölümünə səbəb olan hücumu törətmiş keçmiş hərbi psixiatr, mayor Nidal Həsənin güllələnmə yolu ilə edamını təsdiqləyib.

2009-cu il noyabrın 5-də baş verən hücum zamanı Həsən 12 hərbçini və ordudan təqaüdə çıxmış bir nəfəri öldürüb, daha 32 nəfəri yaralayıb. Saxlanılarkən polis tərəfindən güllələnən Həsən qismən iflic olub və o vaxtdan əlil arabasından istifadə edir.

Hərbi məhkəmənin andlılar heyəti 2013-cü ilin avqustunda Həsəni qəsdən adam öldürmə və adam öldürməyə cəhdlə bağlı 45 ittiham üzrə təqsirli bilərək ölüm cəzasına məhkum edib. Məhkəmə zamanı Həsən hücumu törətdiyini etiraf edib və bunu ABŞ hərbçilərinin Əfqanıstana göndərilməsinin qarşısını almaq məqsədilə etdiyini bildirib.

Pentaqon rəhbəri Pit Heqsetin tövsiyəsi ilə edamın dekabrın 3-də Fort-Hud hərbi bazasında həyata keçirilməsi planlaşdırılır. Bununla belə, Həsənin qərardan federal məhkəmələrə şikayət etmək hüququ qalır və bu, edamın təxirə salınmasına səbəb ola bilər.

Edam həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri ilk edam, 1945-ci ildən bəri isə ilk güllələnmə yolu ilə edam olacaq.

Qeyd edək ki, ABŞ-də edam üsulları ilə bağlı müzakirələr son dövrlərdə yenidən aktuallaşıb. Bir sıra ştatlarda güllələnmə yolu ilə edama icazə verilir. 2025-ci ildə Cənubi Karolinada son 15 ildə ölkə üzrə ilk dəfə bu üsulla ölüm hökmü icra edilib. ABŞ administrasiyası isə federal cinayətlər üzrə istifadə oluna biləcək edam üsullarının genişləndirilməsi istiqamətində addımlar atıb.

Şehrin Musayeva

Paylaş
Şərh əlavə et