Bu gün:

Dünyanın ən zəngin şəhərlərindən biri niyə çirkli hava ilə üz-üzədir?


Sinqapur - dünyanın ən varlı şəhərlərindən biri, qonşu İndoneziyada baş verən yanğınların yaratdığı qalın və zəhərli tüstü dumanı altında qalaraq planetin ən çirkli havasına malik şəhərə çevrilib.

2026-cı il oktyabrın 9-da Sinqapurda binalar tüstü dumanı içində görünür.

Çirklənmə şəhər-dövlətin üzərinə qara kölgə salıb. Belə ki, Sinqapur beynəlxalq konfranslardan tutmuş möhtəşəm Formula 1 gecə yarışına qədər bir çox böyük tədbirin keçiriləcəyi sıx proqramlı həftəsonuna hazırlaşır.

İsveçrənin hava keyfiyyətini izləyən IQAir şirkətinin məlumatına görə, cümə günü səhər saatlarında Sinqapurda havanın keyfiyyəti indeksi (AQI) 216 olub. Bu göstərici havanın “çox qeyri-sağlam” səviyyədə olduğunu göstərir.

Bu həftə IQAir-in ən çox çirklənmiş şəhərlər siyahısında maliyyə mərkəzi birinci yerdə qərarlaşıb və cümə günü səhər də həmin mövqeyini qoruyub. İndoneziyadakı yanğınlardan ciddi təsirlənən Kuala-Lumpur isə ikinci yerdə olub.

Çirklənmə səbəbindən Sinqapurun Marina Bay Sands kompleksi və digər göydələnlərin də daxil olduğu şəhər mənzərəsi dumanın arxasında çətinliklə görünürdü.

Əhalisi 6,21 milyon nəfər olan və illik ümumi daxili məhsulu 650 milyard dollardan çox təşkil edən bu əsas Asiya maliyyə mərkəzi, eləcə də qonşu Malayziya demək olar ki, hər il tüstü dumanı problemi ilə üzləşir.

İndoneziyada yanğınlar hər il quraq mövsümdə baş verir. Bu dövrdə kommersiya məqsədli plantasiyalar salmaq üçün geniş torf əraziləri qurudulur və təmizlənir. Həmin plantasiyalarda əriştədən tutmuş diş məcununa qədər bir çox məhsulun tərkibində istifadə edilən palma yağı da istehsal olunur.

Lakin bu il ölkədə son dərəcə quru hava şəraiti yaratması gözlənilən “super El-Ninyo” hadisəsinin baş verməsi yanğınların qeyri-adi dərəcədə güclənməsi üçün şərait yaradıb. El-Ninyo təbii iqlim hadisəsidir və bəzi bölgələrdə havanın daha quraq keçməsinə səbəb ola bilər.

Sinqapurun Milli Ətraf Mühit Agentliyi cümə axşamı öz saytında yayımladığı məlumatda bildirib ki, İndoneziyanın cənub və mərkəzi Sumatra, eləcə də Qərbi Kalimantan bölgələrindən gələn orta və sıx tüstü buludlarının Sinqapura doğru hərəkət etdiyi müşahidə olunub.

Agentlik əlavə edib: “Hazırda üstünlük təşkil edən cənub-şərq və ya cənub küləkləri səbəbindən tüstü dumanı Sinqapura doğru hərəkət etməyə davam edə bilər”.

Reuters-in məlumatına görə, Formula 1-in idarəedici qurumu olan Beynəlxalq Avtomobil Federasiyası (FIA) cümə axşamı bildirib ki, Sinqapurda keçirilən F1 tədbiri çərçivəsində açıq havada təşkil olunan əyləncə proqramları çirklənmədən təsirlənə bilər, lakin yarışın özünün buna görə dəyişdirilməsi gözlənilmir.

Cümə günü yarışın təşkilatçısı Singapore GP CNN-ə bildirib ki, tədbirdəki əyləncə proqramlarında hazırda heç bir dəyişiklik etmək planlaşdırılmır.

F1 tamaşaçıları üçün təşkil olunan çıxışlar arasında Janet Jackson və The Killers qrupu da var.

Sinqapurda keçirilən gecə yarışı ilk dəfə deyil ki, hava keyfiyyəti problemi ilə üzləşir. 2015 və 2019-cu illərdə də yarışlar qalın tüstü dumanı altında keçirilib, lakin ləğv edilməyib.

Bununla belə, F1 pilotları vəziyyətdən o qədər də narahat görünmürlər. Bu həftə Malayziyadan Sinqapura velosipedlə 400 kilometrdən çox məsafə qət edən Cadillac komandasının pilotu Valtteri Bottas Reuters-ə deyib:

“Hazırda vəziyyətin o qədər də ekstremal olduğunu düşünmürəm. Yəni, vəziyyət yaxşı deyil, amma düşünmürəm ki, bu barədə edə biləcəyimiz çox şey var”.

Ferrari komandasının pilotu Lyuis Hemilton isə Reuters-ə bildirib ki, onun diqqətini yönəltməli olduğu “daha vacib məsələlər” var.

Qonşu Malayziya da tüstü dumanından ciddi şəkildə təsirlənib. Vəziyyətin pisləşməsi səbəbindən ölkənin Təhsil Nazirliyi bu həftə bir neçə ştatda məktəblərin fəaliyyətini dayandırıb.

Banuçiçək Qurbanova 

Paylaş
Şərh əlavə et