Ayıların insanların yaşadığı ərazilərə çıxması müxtəlif xəstəliklərlə, o cümlədən parazitar və virus infeksiyaları ilə bağlı ola bilər. Bu barədə “Leopardlar ölkəsi” milli parkının zooloqu Yekaterina Blidçenko bildirib.

Foto: arctic-freedom
Onun sözlərinə görə, qeyri-adi davranış göstərən heyvanlarda, məsələn, həddindən artıq mehriban və ya aqressiv olan ayılarda müxtəlif xəstəliklər aşkar edilə bilər. Bəzi hallarda insanlara hücum edən ayılarda quduzluq müəyyən olunub. Ağır parazitar infeksiyalar isə heyvanın ov etməsinə mane olaraq onu daha asan qida mənbələri axtarmağa məcbur edə bilər.
Zooloq həmçinin Alyaska və Kanadada ayılarda beynin zədələnməsinə səbəb olan infeksiyaların aşkar edildiyini bildirib. Onun sözlərinə görə, mutasiyaya uğramış quş qripinin bəzi hallarda ayılarda ensefalopatiyaya və davranış dəyişikliklərinə səbəb olduğu düşünülür.
Blidçenko qeyd edib ki, ayılarla insanlar arasında konflikt yarandıqda heyvanların xəstəliklərə görə baytarlıq müayinəsindən keçirilməsi vacibdir. Bu məlumatlar gələcəkdə təhlükəsizlik tədbirlərinin müəyyənləşdirilməsinə kömək edə bilər.
2026-cı ildə Rusiyada ayıların insanlara hücumları nəticəsində 21 ölüm hadisəsi qeydə alınıb. Mütəxəssislər ayıların insanlara yaxınlaşmasının səbəbləri arasında qida çatışmazlığını, meşə yanğınlarını, heyvanların sayının artmasını və təbii yaşayış mühitlərinin azalmasını göstərirlər.
Mənbə: ura.news
Tərcümə etdi: Aysel Mehtizadə
