Böyük Britaniyanın Baş naziri Ser Kir Starmer ABŞ-nin prezidenti Donald Trampın İranla bağlı münaqişəyə qoşulmaq üçün etdiyi təzyiqlərə baxmayaraq mövqeyini dəyişməyəcəyini açıqlayıb.

Kir Starmer və Donald Tramp, BBC
Starmer İcmalar Palatasında çıxışı zamanı bildirib: “Mən fikrimi dəyişməyəcəyəm, təzyiqlərə boyun əyməyəcəyəm. Bu müharibəyə qoşulmaq bizim milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik”.
Baş nazir vurğulayıb ki, Böyük Britaniya bu münaqişəyə cəlb olunmayacaq və bu qərar qətidir. Onun sözlərinə görə, rəsmi Londona fərqli mövqe tutmaq üçün təzyiqlər göstərilsə də, ölkə öz siyasətini dəyişməyəcək.
Məlumata görə, Donald Tramp fevralın sonlarında başlayan ABŞ–İsrail–İran münaqişəsində Böyük Britaniyanın hərbi əməliyyatlara qoşulmamasını tənqid edib. O bildirib ki, ABŞ Böyük Britaniyadan dəstək istədiyi zaman bu dəstəyi görməyib.
Tramp, həmçinin iki ölkə arasında münasibətlərin əvvəlki dövrlərlə müqayisədə zəiflədiyini qeyd edib və ticarət razılaşmasının dəyişdirilə biləcəyini istisna etməyib.
Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda ABŞ və Böyük Britaniya arasında fikir ayrılıqları daha da dərinləşib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Məlikova
