Kanadanın Baş naziri Mark Karni bildirib ki, ölkə vətəndaşları onun rəhbərlik etdiyi hökumətin planına etibar edirlər. Onun sözlərinə görə, Liberal Partiyanın parlamentdə çoxluğu qazanması bu etimadın göstəricisidir.

Kanadanın Baş naziri Mark Karni, BBC
Kanadada keçirilən əlavə seçkilərin nəticələrinə əsasən, hakim Liberal Partiya parlamentdə çoxluq əldə edib. Bununla hökumət qanunvericilik fəaliyyətini müxalifətin dəstəyinə ehtiyac olmadan həyata keçirə biləcək.
Seçkilərdə liberallar Ontario əyalətində yerləşən Universitet-Rozdeyl və Skarboro Cənub-Qərb seçki dairələrində qalib gəliblər. Bu nəticə partiyanın parlamentdəki mövqeyini gücləndirərək çoxluq səviyyəsinə çatmasına imkan verib.
Baş Nazir qeyd edib ki, əldə olunan nəticə hökumətin iqtisadi və sosial siyasətinə verilən dəstəyin göstəricisidir. O bildirib ki, qarşıdakı dövrdə əsas diqqət iqtisadi sabitliyin təmin olunmasına, əhalinin rifahının artırılmasına və beynəlxalq əlaqələrin inkişafına yönələcək.
Mark Karni vurğulayıb ki, çoxluq hökuməti ölkənin qarşısında duran əsas problemlərə, o cümlədən qlobal iqtisadi qeyri-müəyyənliklərə daha operativ reaksiya verməyə imkan yaradacaq.
Son dövrlərdə müxalifət partiyalarından bəzi deputatların Liberal Partiyaya qoşulması da hökumətin mövqeyini gücləndirib və parlamentdə üstünlüyün formalaşmasına təsir edib.
Siyasi müşahidəçilər bildirirlər ki, Karni iqtisadi sahədəki təcrübəsi və mərkəzçi siyasəti ilə geniş seçici kütləsinin dəstəyini qazanıb. Onun rəhbərliyi sabitlik amili kimi qiymətləndirilir.
Parlamentdə çoxluğun əldə olunması hökumətə növbəti ümumi seçkilərə qədər hakimiyyətdə qalmaq imkanı verir və bu, ölkədə siyasi sabitlik baxımından mühüm hesab olunur.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Məlikova
