Samsung Galaxy istifadəçiləri üçün kritik seçim: yeni beta yeniləmə təhlükəsizlik riskləri fonunda təqdim edilib.
Samsung şirkəti milyonlarla Galaxy istifadəçisi üçün gözlənilməz və cəlbedici bir təklif irəli sürüb. Şirkət adi aylıq yeniləmələr əvəzinə erkən “upgrade” imkanı təqdim edib və istifadəçilər artıq qərar vermək məcburiyyətindədirlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dəfə heç nə etməmək riskli ola bilər, çünki son yeniləmə təhlükəsizlik baxımından kritik hesab olunur.
Bu yeniləmədən əsasən Samsung Galaxy S24 və Samsung Galaxy S23 seriyasının istifadəçiləri yararlana biləcəklər. Lakin beta proqramı hələlik yalnız müəyyən ölkələrdə — Hindistan, Cənubi Koreya, Böyük Britaniya və ABŞ-də aktivdir. Bu modellər artıq proqramda olan Samsung Galaxy S25 seriyasına qoşulur.
Yeni yeniləmə bir sıra diqqətçəkən funksiyalar təqdim edir. Bunlara Google tərəfindən təqdim edilən və əvvəllər yalnız Pixel cihazlarında mövcud olan AirDrop-a bənzər fayl paylaşma funksiyası da daxildir. Bundan əlavə, kilid ekranı və Bluetooth problemləri aradan qaldırılır, kamera imkanları isə daha da təkmilləşdirilir.
Ən vacib məqam isə təhlükəsizlik yeniləməsidir. Aprel ayına aid bu paketdə 14 kritik boşluğun aradan qaldırıldığı bildirilir. Bu boşluqlardan biri Android sisteminə aid olub, cihazları kiberhücumlara qarşı həssas vəziyyətdə qoyur.
Ekspertlər qeyd edirlər ki, beta versiyaların quraşdırılması hər zaman müəyyən risklər daşıyır, sistemdə nasazlıqlar və stabil işləməmə halları baş verə bilər. Bununla belə, Samsung-un son dövrlərdə yekun yeniləmələri gecikdirməsi bir çox istifadəçini beta versiyanı sınamağa sövq edə bilər.
Nəticə olaraq, Galaxy istifadəçiləri seçim qarşısındadır: ya daha stabil, lakin gec gələn rəsmi yeniləməni gözləmək, ya da riskləri göz önünə alaraq beta versiyaya keçmək. Hər iki halda qərarın vaxtında verilməsi tövsiyə olunur.
Mənbə: Forbes
Tərcümə etdi: Nərmin Məmmədzadə
