NASA Artemis II missiyası üçün əsas kamera kimi müasir güzgüsüz modellər əvəzinə köhnə Nikon D5 DSLR-ni seçib. Qərarın arxasında isə kosmos şəraitində daha yaxşı aşağı işıq performansı və etibarlılıq dayanır.
Nikon D5 DSLR/ Ceyms Artaius
ABŞ-nin kosmik agentliyi NASA Artemis II missiyasında istifadə ediləcək əsas fotoaparat kimi gözlənilməz seçim edib. Belə ki ən müasir güzgüsüz modellər əvəzinə, əsas kamera kimi Nikon D5 DSLR modeli seçilib.
Baxmayaraq ki, Nikon artıq DSLR istehsalını dayandıraraq güzgüsüz Z seriyasına keçib, NASA klassik texnologiyaya sadiq qalıb. Missiyada daha yeni Nikon Z9 modeli də mövcuddur, lakin əsas çəkilişlər üçün o yox, məhz D5 istifadə olunub.
Mütəxəssislərin fikrincə, bu seçimin bir neçə əsas səbəbi var:
- Nikon D5 daha əvvəl kosmos şəraitində sınaqdan keçirilib və özünü doğruldub.
- Kosmosda işıq çox vaxt məhdud olur. D5-in 20.8 meqapiksellik sensoru yüksək ISO-da daha az səs-küy yaradır.
- Daha yüksək meqapikselə malik kameralar (məsələn, Z9) daha detallı görüntü versə də, zəif işıqda daha çox səs-küy yaradır.
Müasir kameralar daha yüksək çözünürlük təqdim edir, lakin bu, bəzən keyfiyyət hesabına başa gəlir. Sensor üzərində piksel sayı artdıqca, hər pikselin işıq toplama qabiliyyəti azalır. Bu da xüsusilə qaranlıq mühitdə – yəni kosmosda – görüntü keyfiyyətinə mənfi təsir edir.
NASA-nın bu seçimi bir daha göstərir ki, kosmos kimi ekstremal şəraitdə ən yeni texnologiya yox, ən etibarlı texnologiya üstün tutulur. DSLR-lər bazardan demək olar ki, yox olsa da, onlar kosmik missiyalarda öz üstünlüyünü qoruyur.
Mənbə: Digital Camera World
Tərcümə etdi: Nərmin Məmmədzadə
